Bakıda tullantılardan hazırlanan rəsm əsərlərinin sərgisi keçirilib

Bakıda tullantılardan hazırlanan rəsm əsərlərinin sərgisi keçirilib
# 03 noyabr 2016 14:05 (UTC +04:00)

Azərbaycan Rəssamlar İttifaqında "Azərsun Holdinq"in dəstəyi ilə "The İnternational School of Azerbaijan" məktəbinin şagirdlərinin 5-ci illik "Təkrar dizayn etmək" adlı rəsm sərgisi təşkil edilib.

Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, dövlət rəsmiləri, ictimai xadimlər, ABŞ-nın ölkəmizdəki səfiri və digər xarici diplomatik nümayəndəliklərin rəhbər şəxslərinin də qatıldığı tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Sərginin əsas məqsədi insanların diqqətini tullantıların idarə edilməsinə çəkmək olub. Şagirdlər məişət tullantılarından müxtəlif incəsənət əsərləri yaradaraq zibil qutularına atılan bir çox məhsulların təkrar istifadə edilməsinin və gözəlliyə çevrilməsinin mümkün olduğunu nümayiş etdiriblər.

Həmçinin sərgidə tullantılardan hazırlanan geyimlərin, musiqi alətlərinin nümayişi və rəsm əsərlərinin auksiona çıxarılması həyata keçirilib.

Qeyd edək ki, “Azərsun Holdinq” tullantıların təkrar emalı və ətraf mühitin mühafizəsi istiqamətində çox mühüm addımlar atır. Şirkətin nəzdində fəaliyyət göstərən Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında tullantı kağızların təkrar emalı nəticəsində il ərzində minlərlə ağac məhv edilməkdən qorunmuş olur. Müəssisədə 1 ton kağızın təkrar emalı nəticəsində:

- 17 ədəd şam ağacının kəsilməsi;

- 36 ton CO2 qazının atmosferə atılması;

- 4100 kilovat elektrik enerjisinin sərf olunması;

- 267 kq çirkli qazın atmosferə buraxılması;

- 1750 litr yanacaq neftinin sərf olunması;

- 3-4 m2 anbarlama sahəsindən istifadə;

- 85 m2 meşə ərazisinin məhv edilməsi;

- 38,8 ton suyun sərf olunmasının qarşısı alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR