Azərbaycanda limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi qaydası müəyyənləşib

Azərbaycanda limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi qaydası müəyyənləşib
# 25 oktyabr 2014 16:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydası”nda əksini tapıb.

Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkilinin bütün mərhələlərində məlumatların və sənədlərin konfidensiallığı təmin edilməlidir. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi liman idarəsi tərəfindən təmin edilir. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili üzrə tədbirlərin icrasına limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxs tərəfindən nəzarət edilir. Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin təşkili məqsədilə liman idarəsi tərəfindən mühafizə sahəsində ixtisaslaşmış şəxslərlə müqavilə bağlanıla bilər.

Qanunsuz müdaxilə aktlarının təhlükəlilik dərəcələrinə uyğun olaraq, effektiv tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Administrasiya tərəfindən mühafizə səviyyələri müəyyən olunur. Liman və onun ayrı-ayrı hissələri üçün müxtəlif mühafizə səviyyələri müəyyən edilə bilər. Limanın və limanın infrastruktur obyektlərinin aşağıdakı mühafizə səviyyələri mövcuddur:

- Birinci mühafizə səviyyəsi - mühafizə üzrə tədbirlərin daimi həyata keçirildiyi minimum mühafizə səviyyəsi;

- İkinci mühafizə səviyyəsi - mühafizə ilə bağlı insidentin başvermə təhlükəsinin yüksək olduğu, müəyyən zaman intervalında gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi;


- Üçüncü mühafizə səviyyəsi - mühafizə ilə bağlı insidentin baş verməsinin labüd və ya qarşısıalınmaz olduğu, müəyyən zaman intervalında daha da gücləndirilmiş mühafizə tədbirlərinin həyata keçirildiyi mühafizə səviyyəsi.

Bu Qaydaya əsasən, liman və limanın infrastruktur obyektləri müvafiq şəhadətnaməyə malik olmalıdır. Şəhadətnamə Administrasiya tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizə sistemi yoxlanılaraq müsbət nəticə olduğu təqdirdə verilir. Bu şəhadətnamə 5 il müddətinə verilir və şəhadətnamənin arxa hissəsində hər il illik yoxlamanın keçirilməsi barədə qeydlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR