Əhalinin banklarda olan əmanətlərinin yarısından çoxu qorunur

Əhalinin banklarda olan əmanətlərinin yarısından çoxu qorunur
# 04 avqust 2014 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin II rübündə fiziki şəxslərin banklarda cəmi əmanətləri 6 mlrd. 335 mln. manat təşkil edib. Bu da ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-i deməkdir.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin 45,2%-i, yəni 2,87 mlrd. manatı qorunmayan əmanətlər, 54,8%-i, başqa sözlə, 3,47 mlrd. manatı isə qorunan əmanətlər olub.

Qorunan əmanətlərin 62%-i manat, 34%-i ABŞ dolları və 4%-i avro ilə saxlanılır.

Üzv banklar tərəfindən 6 mln. 73 min 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 mln. 504 min 255 nəfəri (91%) qorunan əmanətçidir.

Hazırda fondun sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi qurumun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 69,53 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,34 % təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Qeyd edək ki, fondun iştirakçısı olan bankların sayı 42-dir.

Xatırladaq ki, 2014-cü ilin mayın 19-dan etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilib və bu tarixdən üzv banklarda illik 9%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.

Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR