Təhsil Nazirliyinə müxtəlif müraciətlərlə bağlı daxil olan zənglərin sayı artıb

Təhsil Nazirliyinə müxtəlif müraciətlərlə bağlı daxil olan zənglərin sayı  artıb
# 02 dekabr 2014 08:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və Kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd olunub ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (840 zəng) və çərşənbə (856 zəng) günləri, əsasən, saat 09:30-dan 12:00-dək və 14:30-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (923 müraciət), çərşənbə (853 müraciət) və cümə (881 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR