Bakıda Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forum keçirilir

Bakıda Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forum keçirilir
# 09 oktyabr 2014 08:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanla Böyük Britaniya arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir.

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Əsrin müqaviləsi” imzalanmasının 20-ci il dönümünə həsr olunmuş Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forumda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, bu gün ARDNŞ-in maliyyə dəstəyi ilə 100-dən artıq tələbə Böyük Britaniyanın nüfuzlu ali məktəblərində təhsil alır. O, əlavə edib ki, ARDNŞ-in qrant layihəsi əsasında iki ildir ki, Bakıda Böyük Britaniya məktəbi fəaliyyət göstərir. Bundan başqa, Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniya Heriott Watt Universiteti arasında yaranmış əməkdaşlığa toxunub.

R. Hüseynzadə ARDNŞ ilə Böyük Britaniyanın BP şirkəti arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O, ötən illər ərzində birgə yaradılmış neft və qaz boru kəmərləri sisteminin əhəmiyyətini vurğulayıb, ölkənin dünyanın 30-dan artıq ölkəsinə neft və neft məhsullarının ixrac etdiyini diqqətə çatdırıb. Bu il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasiminin keçirildiyini xatırladan R. Hüseynzadə deyib ki, bu layihənin Xəzər regionundan Avropaya yeni enerji dəhlizi açacağını və beləliklə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını bildirib: “Bu tarixi layihə çərçivəsində BP-nin Azərbaycanla birlikdə olması, eyni zamanda iştirak payının strateji əməkdaşlığa verdiyimiz önəmin daha bir göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR