Moskvada Azərbaycanın Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Moskvada Azərbaycanın Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 18 noyabr 2014 14:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Azərbaycanın Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB sədri Leyla Əliyevanın salamlarını çatdırıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Əli Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını söyləyib. Millət vəkili 1995-ci il noyabrın 12-də görkəmli dövlət xadimi Heydər Əliyevin əməyi sayəsində hazırlanmış yeni Azərbaycan Konstitusiyasının referendum yolu ilə ölkəmizin müstəqilliyi dövründə ilk Konstitusiya kimi qəbul edilməsindən danışıb: “Ümummilli liderimiz Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik edib, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil edərək, onun müasir dəyərləri özündə ehtiva edən formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edib”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə bildirib ki, Azərbaycanın dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər: “Ölkəmizdə sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil xərcini dövlət qismən, yaxud bütünlüklə öz üzərinə götürür”.

Öz növbəsində Rusiya Hüquq Akademiyasının dosenti Yelena Kovryakova Azərbaycan və Rusiya konstitusiyaları arasında müqayisəli araşdırması əsasında hazırladığı məruzə ilə çıxış edib. O, Azərbaycan Konstitusiyasında təkcə ümumbəşəri dəyərlərə deyil, həm də milli dəyərlərə əsaslanan sosial dövlət konsepsiyasının daha geniş əks olunduğunu söyləyib.

Daha sonra çıxış edənlər Azərbaycanla Rusiya arasında bütün sahələrdə, xüsusilə humanitar və qanunvericilik sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR