Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur

Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
# 23 sentyabr 2014 10:31 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin yeni su təchizatı və kanalizasiya şəbəkəsi tikilir.

APA-nın Mil-Muğan bürosuna “Azərsutəchizattikinti” ASC-dən verilən məlumata görə, "Azərsu” ASC regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələrin icrasını davam etdirir. İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi başa çatıb. 62 kilometrlik kəmərin tikintisinə 70 milyon manata qədər vəsait ayrılıb. Magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində “həyata keçirilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında yaranmış stabillik Kür sutəmizləyici qurğular kompleksindən Abşeron yarımadasına nəql edilən suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaratmışdır. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilib. Bu mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda Kür sutəmizləyici qurğular kompleksinin emal potensialı nəzərə alınaraq bu mənbədən Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli suyun verilməsi məqsədəuyğun hesab edilib.

Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən uzunluğu 62 km olan Talış-Sabirabad-Saatlı su kəmərinin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500-800 mm diametrli polietilen borularla çəkilib. Kəmərdə işlər artıq başa çatdıb.

Nəql olunacaq suyun keyfiyyətinin yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənib. Eyni zamanda kəmərin marşrutu boyunca yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar verilib.

Bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcəkdir. Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır.

Sabirabad rayonunda işlər başa çatsa da, Saatlı rayonunun su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. “Azərsutəchizattikinti” ASC tərəfindən rayon ərazisində hər biri 5 min kubmetr olan 2 su anbarının tikintisi davam etdirilir. Su şəbəkə xətlərində müxtəlif diametrlərdə (110-450 mm) 41 840 paqonometr boru xətləri çəkilərək, xətt boyunca evlərə su çıxışları quraşdırılıb. 9 586 paqonometr kanalizasiya şəbəkə xətti çəkilib. Ümumilikdə yalnız Saatlı rayon kanalizasiya və şəbəkə xəttinin qurulmasına 38 mln. manat vəsait ayrılıb. Tikinti işlərinin gələn il üçün yekunlaşdırılacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR