Fikrət Yusifov Qubad İbadoğlunun iddialarına cavab verib

Fikrət Yusifov Qubad İbadoğlunun iddialarına cavab verib
# 10 dekabr 2014 11:56 (UTC +04:00)

Bakı - APA-Economics. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun ötən gün mətbuata “korrupsiya faktları” kimi təqdim etdiyi araşdırmaya münasibət bildirib.

F. Yusifovun adından “APA-Economics”ə daxil olan açıqlamada bildirilir: “Öz siyasi ambisiyaları naminə iqtisadi məlumatları hər vəchlə təhrif edənlər unutmasınlar ki, onların yazdıqlarını təkcə aldatmaq istədikləri sadə insanlar deyil, eyni zamanda bu sahəni peşəkar səviyyədə bilənlər da oxuyur. Qubad İbadoğlunun dünən mətbuatda dərc etdiyi “sensasiyalı təhlili” insanları çaşdırmağa hesablanıb. Bu həm də qərbdəki bəzi dairələrə ünvanlanmış “Mən Azərbaycandakı korrupsiya faktlarını görün necə açıqlayıb ictimaiyyətə çatdırıram” mesajıdır. Bu təhlildə məlumatların haradan götürülməsi barədə heç nə deyilmir. Müəllif abstrakt “ticarət tərəfdaşına” istinad edir... Kimdir bu ticarət tərəfdaşı? Hansı təşkilat və ya müəssisədir bu funksiyanı yerinə yetirən “tərəf”? Bir həqiqət var: İnformasiya mənbəyi göstərilmədən aparılan hər hansı təhlil və ya araşdırma əslində plagiatlıqla bir səviyyədə dayanan bir işdir. Siz cəmiyyətə bu qədər ciddi mesaj verməyin məsuliyyətini dərk etməlisiniz. Ona görə də öz təhlilinizdə “ticarət tərəfdaşları” adlı mənbənin dəqiq göstərilməsinə borclu idiniz. Əgər dedikləriniz həqiqətdirsə, siz bunu nə üçün etməmisiniz? Nə üçün təhlilinizi guya cəmi 15 ölkənin məlumatları əsasında aparmısınız? Nə üçün bu təhlil 2013-cü ildə Azərbaycanın ticari əlaqələrdə olduğu 150-yə qədər ölkəni əhatə etməyib? Axı Azərbaycan Dövlət Statistika Komitəsinin internet saytında bütün bu məlumatlar var. Siz Azərbaycanın rəsmi statistik məlumatlarına istinadən 15 ölkə üzrə 6 ildə idxalın həcmini 37,4 milyard dollar göstərirsiniz. Halbuki rəsmi statistika ilə cəmi 10 ən böyük mal ixracatçısı 6 il ərzində Azərbaycana bundan daha çox - 40 milyarda yaxın mal ixrac etmişdir. Sual olunur, kimi aldatmaq istəyirsiniz? Nə üçün mövcud rəsmi rəqəmləri belə təhrif edirsiniz? Deməli, sizə təhlil deyil, sadəcə cəmiyyətə və qərbdəki dostlarınıza mümkün qədər daha böyük hay-küyə səbəb ola biləcək informasiya çatdırmaq lazımdı. Bu məqsədlə öz “təhlilinizdə” son 6 ildə 15 ölkə üzrə “qarşı tərəfin” verdiyi məlumatlarla bizim rəsmi statistika məlumatları arasında 21,58 milyard dollarlıq bir “fərq” çıxarıb bunu əlinizdə bayraq edirsiniz”.

Qeyd edək ki, dünən bəzi KİV-lərdə dərc olunan yazıda Q. İbadoğlu 2008-2013-cü illər ərzində Azərbaycanın rəsmi orqanları tərəfindən 21,5 mlrd. dollarlıq idxalın hesaba alınmadığını iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR