“TRT Spor”un əməkdaşı: “Hakim “Qarabağ”ın haqqını yedi”

“TRT Spor”un əməkdaşı: “Hakim “Qarabağ”ın haqqını yedi”
# 12 dekabr 2014 09:16 (UTC +04:00)

Bakı – APA. “Bakıya gəlişimin əsas səbəbi “Qarabağ” – “İnter” matçını canlı izləmək, bəzi vacib görüşlər keçirmək idi. Bunlar da çox uğurlu alındı. Bakını ziyarət etmək hər zaman çox gözəl duyğudu”. Bunu apasport.az saytına açıqlamasında TRT Spor-un İtaliya təmsilçisi Dundar Kesaplı deyib.

25 ildi İtaliyada yaşayan və bu ölkədə “Roma” futbol klubunun idman yazarları dərnəyinin üzvü olan məşhur sima Avropa Liqasının VI turu çərçivəsində “Qarabağ”ın “İnter”lə görüşünü Tofiq Bəhrəmov adına Respublika stadionundan izləyib. Kesaplının sözlərinə görə, ölkəmizdə hər şey ürəyincə olsa da, hakimin səhv qərarı əhvalını korlayıb: “Azərbaycanın insanlarını və buradakı atmosferin xüsusi enerji olduğunu deməliyəm. Avropada rəqibləri qədər təcrübəsi olmayan “Qarabağ” hər şeyə rəğmən özünün və ölkəsi adına layiqli mübarizə apardı. Düzdü, “İnter” mərhələ keçməyi öncədən təmin etmişdi. Çətin qarşılaşma boyunca azarkeşlərin dəstəyi və komandanı durmadan alqışlaması çox gözəl mənzərə idi. Fanatlara bunun üçün təşəkkür düşür. Çünki onlar belə vacib matçda “Qarabağ”ı tək buraxa da bilməzdilər. Amma zaman-zaman, az da olsa təhlükəli vəziyyətlər yaradan Ağdam təmsilçisi son saniyələrdə vacib qolu vurdu. Təəssüf hakim yanlış qərar verərək, komandanın haqqını yedi. Bu, tam lazımsız qərar idi. Referi səhv qərarı ilə “Qarabağ”ın Avropa Liqasındakı yolunu kəsdi. Həmçinin, qarşılaşmanın nəticəsindən asılı olmayaraq, “İnter” qrup birinciliyini təmin etmişdi”.

Türkiyəli həmkarımızın sözlərinə görə, “Qarabağ”ın 90+4-cü dəqiqədə qolunu hesaba almayan hakimin cəzalanması komandamız üçün heç bir təsəlli olmayacaq: “Əminəm ki, hakimin bu səhvi barədə klub rəsmiləri dərhal UEFA-ya şikayət edəcəklər. Nəticənin dəyişdirilməsi mümkünsüzdü. Amma yekunda hakim cəzalanacaq və bir müddət ona etibar edilməyəcək. Təəssüf ki, bu “Qarabağ”ın və onun azarkeşlərinin yarasını sağaltmayacaq, onlar üçün lazımı təsəlli olmayacaq. İnşallah, bundan növbəti mövsüm daha yaxşı hazırlıq keçərlər, güclənərlər və daha yüksək yerləri tutarlar”.

Kesaplı bildirib ki, İtaliya mediası da “Qarabağ”ı qalib sayır. Onun sözlərinə görə, apenninli yazarlar Ağdam təmsilçisinin mərhələ keçməyə layiq olduğunu xüsusi vurğulayıblar: “Bu arada İtaliya mediası da bizlə, azərbaycanlılarla eyni fikirdədi. Onlar “İnter”in lazımı oyunu göstərə bilmədiyini, 90+4 dəqiqədə vurulan qolun hakim tərəfindən hesaba alınmadığını xüsusi vurğulayırlar. Hətta bir çoxu ““Qarabağ”ı hakim yıxdı” başlıqlı yazılar dərc ediblər. Bu da komandanızın gözəl oynaması, səhv qərarla kənarda qalması üçün lazımı mesajdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR