Türkiyədə jurnalistlərin məhkəməsi davam etdirilib - FOTO

Türkiyədə jurnalistlərin məhkəməsi davam etdirilib - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 15:00 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı XVI Ağır Cəza Məhkəməsində “Odatv” internet saytı ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, saytın sahibi Soner Yalçın, baş redaktoru Barış Pəhlivan, xəbər müdiri Barış Tərkoğlu, Ankara təmsilçisi Doğan Yurdaqul, əməkdaşları Müyəssər Yıldız, Mümtaz İdil, Coşkun Musluk, jurnalistlər Nədim Şənər, Əhməd Şık, professor Yalçın Kiçik, keçmiş polis rəisi Hənəfi Avcı “Ergenekon silahlı terror təşkilatına yardım etmək” iddiası ilə hakim qarşısına çıxarılıblar. Proses başlamazdan əvvəl məhkəmə binasının qarşısında mediaya açıqlama verən Fransa və İngiltərədən gəlmiş millət vəkilləri və jurnalistlər hökumətə və parlamentə müraciət edərək Türkiyədə jurnalistləri haqsız yerə həbs etməyə və peşə fəaliyyətinə görə onları prokurorluq və məhkəmələrdə süründürməyə son qoymağa çağırıblar.

Məhkəmə iclasında çıxış edən keçmiş polis rəisi Hənəfi Avcı ölkənin ən böyük dini icmasının mənsublarının polis orqanlarında gizli şəkildə təşkilatlanmasına dair kitab yazdığına görə 40 aydan bəri həbsdə yatdığını bildirib: “40 illik peşə həyatımda həmişə terror təşkilatları ilə mübarizə aparan adam olmuşam. Necə olur ki, mənim kimi karyeri olan bir polis əməkdaşı eyni vaxtda 4 terror təşkilatına üzv olub onlara kömək edə bilib? Bizi silahlı terror təşkilatına üzv olmaqda ittiham edirlər. Yazdığım kitabla silahlı terror təşkilatına necə üzv ola bilərəm?”

Məhkəmədə söz alan 76 yaşlı professor Yalçın Kiçik isə özünü “Türkiyənin həbsxanalar tarixi” adlandırıb: “Bu yaşıma qədər hara getmişəmsə, polis məni təqib edib. Sağ olsunlar, burda təkbaşına qoymadılar, sən demə, həmişə məni təqib etdirən Hənəfi bəylə eyni terror təşkilatına üzv imişik”.

İttihamnamənin prokurorluq deyil, polis tərəfindən yazıldığını iddia edən professor Yalçın Kiçik “Türkiyənin ən çox satılan qəzetinin köşə yazarı olan Soner Yalçın necə terrorçu imiş ki, bundan heç kimin xəbəri olmayıb?” deyə ritorik sualla müraciət edib.

Məhkəmə iclasının günortadan sonrakı hissəsində Yalçın Kiçik və Hənəfi Avcının vəkillərinin müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verdikləri vəsatətlər məhkəmə heyəti tərəfindən dəyərləndirilib. Y. Kiçik və H. Avcının “Odatv” prosesində həbsdə qalmadan mühakimə edilmələri barədə qərar qəbul olunub. Lakin bu şəxslər daha əvvəl başqa prosesdən həbs cəzaları aldıqlarına görə həbsxanada qalmağa davam edəcəklər.

Qeyd edək ki, 2011-ci ilin noyabrında 14 şübhəli şəxslə başlayan “Odatv” məhkəmə prosesində artıq həbsdə şübhəli şəxs qalmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR