"Washington Times" qəzetinin Azərbaycana həsr olunmuş xüsusi buraxılışı dərc edilib

"Washington Times" qəzetinin Azərbaycana həsr olunmuş xüsusi buraxılışı dərc edilib
# 12 dekabr 2013 02:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan “Washington Times” qəzetinin Azərbaycana həsr olunmuş “Rəngarəngliyi/müxtəlifliyi hiss et” (“Feel the Diversity”) başlıqlı xüsusi buraxılışı dərc edilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, 11 dekabr 2013-cü il tarixli xüsusi buraxılışda ABŞ-ın ictimai-siyasi xadimləri, o cümlədən ABŞ Konqresinin nümayəndələrinin müəllifi olduğu Azərbaycan haqqında məqalələr yer alıb.

Missisippi ştatından olan respublikaçı senator Rocer Vikerin (Roger Wicker) “Azərbaycanın ABŞ-la əməkdaşlığı mürəkkəb regionda demokratiya və təhlükəsizliyi təşviq edir” başlıqlı məqaləsində Azərbaycanın siyasi arenada uğurlarından bəhs edilir, ölkəmizin ABŞ-la ortaq çağırışlara qarşı birgə mübarizə apardığı bildirilir və terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusilə vurğulanır.

Şimali Karolina ştatını ABŞ Nümayəndələr Palatasında təmsil edən respublikaçı konqresmen Hovard Koblun (Howard Coble) “Azərbaycanla müttəfiqliyi qəbul etmək vaxtıdır” başlıqlı məqaləsində isə Azərbaycanın xüsusilə enerji sahəsində uğurlarından bəhs olunur və uğurlu enerji strategiyasının növbəti parlaq nəticəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi barəsində məlumat verilir. Məqalədə, həmçinin Azərbaycanın İran və Rusiya ilə sərhədi olması faktı önə çəkilərək, belə həssas qonşuluq şəraitində Azərbaycanın müstəqil siyasi xətt istiqamətinə sadiqliyi diqqətə çatdırılır.

Texas ştatını təmsil edən konqresmen Cin Qrinin (Gene Green) müəllifi olduğu məqalədə ABŞ-ın Azərbaycanla münasibətlərinin hər iki ölkənin milli maraqlarının qorunması baxımından önəmli olduğu bildirilir. Əhalisinin əksəriyyətinin islam dininə etiqad etdiyi dünyəvi Azərbaycanın ABŞ-ın Yaxın Şərq regionundakı ən yaxın müttəfiqi olan İsraillə güclü iqtisadi və təhlükəsizlik sahəsində əlaqələr qurduğu vurğulanır.

Oklahoma ştatından olan respublikaçı konqresmen Cim Bridenstaynın müəllifi olduğu “Xəzər hövzəsinin enerji resursları Amerikanın təhlükəsizliyinə bərabərdir” başlıqlı məqaləsində Azərbaycanın siyasi müstəqilliyin saxlanılması yolunda uğurlu siyasi xətt yürütdüyünü və bu çox mühüm amilin qiymətləndirilməli olduğu qeyd edilir.

Buraxılışda həmçinin Xəzər regionunda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel 2013 barəsində məlumat verilir və Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığı bildirilir.

İlk dəfə olaraq 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları da xüsusi buraxılışda geniş işıqlandırılıb.

“Washington Times” qəzetinin xüsusi buraxılışı ilə aşağıdakı keçiddə tanış olmaq olar:

http://www.washingtontimes.com/specials/azerbaijan-feel-diversity-special-report/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR