Tiflisdə “Azlıqların statusu: mövcud problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Tiflisdə “Azlıqların statusu: mövcud problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 15 iyun 2013 16:02 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan parlamentinin və BMT İnkişaf Proqramının təşkilatçılığı və dəstəyi ilə “Azlıqların statusu: mövcud problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda BMT nümayəndələri, parlamentin deputatları, ədliyyə nazirliyinin əməkdaşları, komitə sədrləri, Gürcüstan hökumətinin nümayəndələri, Ombudsman Aparatının rəhbərliyi və əməkdaşları, ABŞ, Azərbaycan, Böyük Britaniya, Almaniya, Litva, İsveç və digər ölkələrin səfirliklərinin nümayəndələri, Gürcüstanda yaşayan müxtəlif etnik azlıqların, QHT və müxtəlif dini təşkilatlar təmsilçiləri iştirak ediblər.

Tədbirdə BMT İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi Ceym Makqoldrik, Gürcüstan Ombudsman Aparatının rəhbəri Uça Nanuaşvili, Qafqaz İnstitutunun tədqiqatçısı Marina Elbakidze və başqaları məruzə ilə çıxış edərək, etnik azlıqların problemləri və perspektivləri barədə fikir və təkliflərini bildiriblər. Məruzələrdə Gürcüstanda yaşayan etnik azlıqların yaşayış tərzi, problemləri və son dövrlər təhsil sahəsindəki inkişafdan söhbət açıblar.

Gürcüstan ombudsman aparatının rəhbəri Uça Nanuaşvili çıxışında təhsil sahəsində etnik azlıqların nümayəndələrinin Gürcüstanın ali məktəblərinə qəbulunda irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, keçən il ali məktəblərə 4+1 proqramı ilə 500 nəfərdən çox azərbaycanlı tələbə qəbul olunub, bu il isə 1100 nəfər azərbaycanlı abituriyent qəbul üçün qeydiyyatdan keçib. Ombudsman Gürcüstanda etnik azlıqların dilində mətbuatın, radionun da olduğunu, Azərbaycan dilində “Gürcüstan”, erməni dilində “Vrastan” qəzetlərinin nəşr olunduğunu bildirib. U.Nanuaşvili məruzəsində Ombudsman Aparatının nəzdində Milli Azlıqlar Şurasının fəaliyyət göstərdiyini və azlıqların problemləri ilə əlaqədar monitorinqlər keçirildiyini bildirib.

Konfransda etnik azlıqların torpaq, su, regional dil məsələlərinə də toxunulub. Məruzələrdə Gürcüstanda ən çox sayca azərbaycanlılar və ermənilər olduğunu, azlıqların dövlət dilini bilməməsi problemi yaşadıqları qeyd olunub. Bildirilib ki, etnik azlıq nümayəndələri bəzən dil bilmədiklərindən məhkəmələrdə sənədlərə imza atırlar, bu da onların həyatında problemlər əmələ gətirir. Qeyd olunub ki, azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində torpaq problemində ən çox azərbaycanlılar diskriminasiyaya uğrayırlar. Ədliyyə naziri Teae Sulukiani Ədliyyə Nazirliyində dini və etnik azlıqların diskriminasiyasına qarşı qanun hazırlandığını və tezliklə QHT nümayəndələri ilə müzakirə olunaraq, parlamentə təsdiq üçün təqdim olunacağını bildirib.

Məruzələrdən sonra müzakirələr olub. Müzakirələrdə Gürcüstanın Milli Təhlükəsizlik Şurası katibinin müavini Tamar Kindsuraşvili, ədliyyə naziri Teae Sulukiani, Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze, parlamentin deputatı Serqo Ratiani, Ombudsman Aparatının əməkdaşı Beka Mediaşvili və başqaları çıxış ediblər.

Konfransın ikinci sessiyasında seksual azlıqlara aid məsələlər barədə məruzə və fikirlər söylənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR