Türkdilli ölkələrin təhsil nazirlərinin ikinci toplantısı keçirilir

Türkdilli ölkələrin təhsil nazirlərinin ikinci toplantısı keçirilir
# 21 noyabr 2013 09:55 (UTC +04:00)

Əskişəhər. Mayis Əlizadə - APA. Əskişəhərdə türkdilli ölkələrin təhsil nazirlərinin ikinci toplantısı öz işinə başlayıb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, toplantının açılışında çıxış edən Türkdilli Ölkələr Şurasının baş katibi Xəlil Akıncı türklərin dünyada yalqız millət olduğuna diqqəti cəlb edərək bunun əsas səbəbinin birlik yarada bilməmək olduğunu vurğulayıb.

X. Akıncı son illərdə şuranın təşəbbüsü ilə bir sıra mühüm toplantılar keçirildiyini və ölkələr arasındakı əlaqələri və inteqrasiyanı gücləndirmək məqsədilə nəqliyyat və gömrük sahələrində ciddi addımlar atıldığını xatırladıb: “Əvvəllər ikitərəfli münasibətlər var idi, indi isə dördtərəfli münasibətlər var. Türkdilli ölkələr arasındakı əməkdaşlığı gücləndirməyin başlıca yolu təhsildən keçir, ona görə də bugünkü toplantımızı daha önəmli hesab etmək olar”.

X. Akıncı bu toplantıların türkdilli ölkələrin dövlət başçılarının imzaladıqları sənədlərə əsasən keçirildiyini bildirib.

Təhsil nazirlərinin ikinci toplantısında universitetlər arasında əlaqələrin gücləndirilməsi, Türk Şurası və Mövlana mübadilə proqramı arasında əməkdaşlıq, orta və lisey təhsili səviyyəsində mübadilə proqramı, məktəblər üçün müştərək tarix və ədəbiyyat kitabları, müştərək təhsil televiziyası, müştərək terminologiya şurasının əlifba və terminologiyaya dair qərarları və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Toplantıda Azərbaycanı təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılığı altındakı nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR