Abşeron göllərinin ekoloji bərpası layihəsinin yekun hesabatının təqdimatı keçirilib - FOTOSESSİYA - VİDEO

Abşeron göllərinin ekoloji bərpası layihəsinin yekun hesabatının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Abşeron göllərinin ekoloji bərpası layihəsinin yekun hesabatının təqdimatı keçirilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verilmiş, İqtisadiyyat və Sənaye Nazirliyi əsas icraçı kimi müəyyən olunub.

Tapşırıqların icrası məqsədilə nazirliyinin aidiyyəti qurumlardan ibarət İşçi Qrupu yaradılıb, ətraf mühitin ekoloji vəziyyətin yaxşılaşdırılması, göllərin bərpası layihəsi çərçivəsində görüləcək işlərin effektivliyinin artırılması məqsədilə bu sahədə böyük təcrübəyə malik Hollandiyanın “Witteveen+Bos” şirkəti cəlb edilib.

Aprelin 4-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı hazırlanmış yekun hesabatın təqdimatı keçirilib.

Tədbirdə Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə məsləhətçi “Witteveen+Bos” şirkəti tərəfindən görülmüş işlər və əldə edilmiş nəticələr, eləcə də göllərin bərpası üzrə konseptual layihə barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Abşeron göllərinin bərpası layihəsi çərçivəsində görülmüş işlər sırasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupunun fəaliyyətindən danışmış, göllərin bərpası layihəsi çərçivəsində hər göl üçün fərdi yanaşma tətbiq olunduğunu və konseptual layihələndirmə və texniki iqtisadi əsaslandırma sənədlərindən real işlərin həyata keçirilməsinə başlanıldığını vurğulayıb.

“Witteveen+Bos” şirkətinin nümayəndələri Abşeronda yerləşən 9 gölün bərpası layihəsi çərçivəsində aparılmış çöl işləri, tədqiqatlar və təhlillər barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, layihə çərçivəsində hər göl üzrə texniki-iqtisadi əsaslandırma hazırlanmış, göllərin hər biri ayrı-ayrılıqda təhlil edilmiş və hər bir gölü çirkləndirən mənbələr, onların qarşısının alınması, göllərdə təbii ekosistemin bərpası üzrə konseptual yanaşma və bunun üçün tələb olunan ilkin investisiya müəyyən edilib.

Qeyd edək ki, Böyükşor gölü Abşeron yarımadasının ən böyük gölüdür. 1060 hektar ərazini əhatə edən göl tarixən, xüsusilə də Sovet dövründə neft, çirkab suları, məişət və tikinti tullantıları ilə aşırı dərəcədə çirklənib. Böyükşor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Bununla da, neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq. Layihə çərçivəsində ərazinin qərb sahili boyunca bənd tikiləcək və bu bənd yaxın gələcəkdə altıxətli, ikitərəfli və birinci dərəcəli magistral yol kimi xidmət göstərəcək. Bu yol bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək və şəhər yol infrastrukturuna düşən yükü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək.

Bənd formasında inşa olunacaq bu yol həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənəcəq şərq hissəsini təcrid edəcək. Bundan başqa, ilkin mərhələdə Böyükşor gölünə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi də planlaşdırılır. Böyükşor gölünün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaqdır. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaq və çirklənmiş qrunt suları xüsusi metal lövhələr ilə gölü təcrid edəcək. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulub. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcəkdir. Bununla da, göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

Təqdimatda Nazirlər Kabineti, İqtisadiyyat və Sənayə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Nəqliyyat nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, ARDNŞ, “Azərsu” ASC, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, “Meliorasiya və su təsərrüfatı” ASC, Torpaq və Xəritəçəkmə Komitəsi, AMEA, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.

Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR