Azərbaycanda mikrokreditlər üzrə portfel 1 mlrd. manatı ötüb

Azərbaycanda mikrokreditlər üzrə portfel 1 mlrd. manatı ötüb
# 06 may 2014 11:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mart ayının 1-nə Azərbaycanda mikrokreditlər üzrə portfel 1 mlrd. 120 mln. manata çatıb. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə mikromaliyyə təşkilatlarının fəal borcalanlarının sayı 530 min nəfər təşkil edib.

J. Hacıyeva bildirib ki, 2008-ci ilə kimi 10 min manata qədər olan kreditlər mikrokredit hesab olunurdusa, indi yuxarı hədd kimi 16 min manat götürülür. Başqa sözlə, hazırda 100-16 000 manat arasında olan kreditlər mikrokredit sayılır.

Bank Olmayan Kredit Təşkilatları tərəfindən (BOKT) əhaliyə verilən orta kredit məbləği 1 289 ABŞ dolları, banklar tərəfindən verilənsə 4 230 ABŞ dolları təşkil edir. İndi BOKT-un problemli kreditlərinin həcmi 1%-ə çatmır. Mikromaliyyə təşkilatlarının əsas hədəfi kiçik biznes, bankların hədəfi isə orta və böyük biznesdir. Orta hesabla Azərbaycanda hər bir kreditə çəkilən xərc 239 dollar təşkil edir.

J. Hacıyeva bildirib ki, Azərbaycan əhalisinin 4,7%-i mikrokreditlərin verilməsi, lizinq, sığorta və digər xidmətlər də daxil olmaqla, mikromaliyyə xidmətlərindən istifadə edir.

O əlavə edib ki, 17 il əvvəl rayon və kəndlərdə mikromaliyyə təşkilatları daha çox fəal idi: “Bu gün isə bank olmayan kredit təşkilatları ilə yanaşı, bank, kredit ittifaqları, hətta lizinq şirkətlərinin bölgələrdə fəallaşdığını müşahidə edirik. Bu gün onlar bazarda öz məhsullarını müştəri yönümlü etməklə daha cəlbedici olmaq istəyirlər”.

Assosiasiyanın icraçı direktoru qeyd edib ki, Mərkəzi Bankın kreditlərin verilməsi qaydalarını sərtləşdirməklə bağlı tələbindən sonra faiz dərəcələri kifayət qədər aşağı düşüb. Məhz bu addımın nəticəsidir ki, Faktiki İllik Faiz Dərəcəsi (FİFD) 27%-dən 20%-ə düşüb.

J. Hacıyeva əlavə edib ki, banklar arasında rəqabət artdıqca, faiz dərəcələri də aşağı düşəcək.

Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının tərkibində 35 maliyyə təşkilatı cəmlənib. Onlardan 51%-ni BOKT-lar, 29%-ni banklar, 11%-ni kredit təşkilatları, 6%-ni lizinq təşkilatları, 3%-ni isə konsultant şirkət təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR