Gürcüstanda əcnəbi investorlarla yerli sakinlərin torpaq mübahisələri qızışır - ARAŞDIRMA

Gürcüstanda əcnəbi investorlarla yerli sakinlərin torpaq mübahisələri qızışır - <span style="color: red;">ARAŞDIRMA
# 02 may 2013 15:44 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, torpağın alqı-satqısı ilə bağlı yerli sakinlərin narahatlığına artıq dövlət məmurları və ölkə rəhbərliyi də münasibət bildirmək məcburiyyətində qalıb.

Məlumata görə, son 4-5 il ərzində Gürcüstana gələn əcnəbilərin sayı artıb. Tetri-Skaro, Qori, Qardabani, Marneuli, Saqareco bölgələrində yaşayan gürcü və azərbaycanlılar miqrantların sayının artması ilə bağlı etiraz aksiyaları keçirir, hətta bəzi rayonlarda yerli sakinlər torpağı becərmək istəyən investorlara mane olur, heç bir əsas olmadan alınan torpaqların geri qaytarılmasını tələb edirlər.

Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze etiraz edən yerli sakinlərə cavabında əcnəbilərə torpaq satışına qanunun və Konstitusiyanın icazə verdiyini bidirib. Nazirin sözlərinə görə, ölkədə olan torpaqların 80%-i qeydiyyatdan keçməyib: “Yaz əkin-səpin proqramı çərçivəsində yerli icra nümayəndələrinin iştirakı ilə torpaq sahiblərinin inventarizasiyası keçirilərək, informasiya bazası yaradılacaq və dövlət reyestrində olan məlumatların yoxlanılması həyata keçiriləcək”.

Əhalinin narazılığını görən Gürcüstanın baş naziri Bidzina İvanişvili dövlət torpaqlarının satışı prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Baş nazir iqtisadiyyat naziri Georgi Kvirikaşviliyə tapşırıb ki, torpağın alqı-satqı prosesini nizama salsın. B.İvanişvilinin sözlərinə görə, satılan torpaqların məsələsi məhkəmə qaydası ilə həll olunmalıdır.

Yerli fermerlər torpaqların geri qaytarılması üçün yeni hakimiyyətin yeni plan hazırlamasını tələb edirlər. Məlumata görə, bu barədə artıq istər gürcü, istərsə də azərbaycanlı fermerlər imza toplayırlar. Hələlik Şərqi Gürcüstanda 25 mindən çox imza toplanıb. Toplanan ümumi imzalar Gürcüstan parlamentinə təqdim ediləcək. Etiraz edən sakinlər torpağın alqı-satqısında dələduzluğa yol verildiyini düşünürlər. Onlar tezliklə Gürcüstana miqrantların dolacağını, getdikcə ölkədə gürcülərin olmayacağını və torpaqların əcnəbilərə satılacağını bildiriblər. Kaxeti sakini Emzar İluridze hindlilərin bir neçə min hektar torpaq sahələrini aldığını bildirib: “Bu bizə çox pis təsir edir. Tezliklə Gürcüstanda gürcü qalmayacaq”.

Qori bölgəsində, Cənubi Osetiya sərhədi yaxınlığında torpaq sahələri alan hindlilər isə torpaqları tam qanuna uyğun sənədlərlə aldıqlarını bildirirlər. Lakin onlar yerli sakinlərin etirazını görüb 17 hektar torpaq sahəsini geri qaytarmağa bir şərtlə razılaşıblar ki, torpaq alqı-satqısı sənədlərinə görə hər hektar üçün verdikləri 2600 dollar məbləğ geri qaytarılsın.

Gürcüstanda fəaliyyət göstərən yerli fermerlər və sakinlərin dediyinə görə, 2012-ci ildə 30 min hektar yararlı torpaq sahəsi əcnəbilərə satılıb. Bu torpaqların çoxunu Pəncabdan olan hindlilər alıb. Gürcüstanda iranlılar hər hektarına auksion vasitəsi ilə 1 500 dollar verməklə 200 hektar torpaq sahəsi alıblar. Hazırda texnika və əkin-səpin üçün nə lazımdırsa, Gürcüstana gətirilib. Hindli fermer Salcit Sinqh isə bildirib ki, Gürcüstanda becərilməyən torpaq sahələri çoxdur: “Biz aldığımız torpaqları becəririk və məhsulumuzu da bazarlarda satırıq”.

Gürcüstanda müxtəlif bölgələrdə torpağın satış qiyməti fərqlidir. Məsələn, Kaxeti bölgəsində hər hektar torpaq sahəsinin qiyməti 400-700 dollar arasındadır. Marneulidə isə torpaq bahadır. Burda hər hektar 2000 dollara və daha baha qiymətə satılır. Ən başlıcası isə bu bölgədə istifadə olunmayan torpaqlar azdır və hindlilər məhz bu bölgədən torpaq almağa can atırlar. Məsələ bundadır ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə torpaq çatışmır. Qardabani azərbaycanlıları məsələ qaldırıblar ki, 23 yaşlı gənc əcnəbi fermerə 1000 hektar torpaq sahəsi satılıb. İllərlə bu torpaqda yaşayan sakinlərin arzusu və istəyi nəzərə alınmayıb, satış zamanı hətta onlara bu barədə xəbərdarlıq da edilməyib.

Hüquqşünas Lika Tsiklauri jurnalistlərə açıqlamasında torpaqların auksionda satıldığını bildirib və buna indi etiraz etmək düzgün deyil: “Torpaq satışından hamının xəbəri olub. Bu torpaqları yerli sakinlər də ala bilərdilər”.

Gürcüstanda Torpaq Məcəlləsi işlənib hazırlanmayıb. Məhz bu səbəbdən hərc-mərclik baş verir. Gürcüstanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, satılan torpaqların çoxu fərdi adamlara məxsusdur. Torpaq Məcəlləsində aparılacaq yeniliklər torpaq satışının qarşısını ala bilər. Gürcüstanda qeydiyyatdan keçən hər bir əcnəbi şirkəti torpaq sahələri ala bilər. Qeydiyyatdan keçmək isə bir neçə saata mümkündür.

Qeyd edək ki, Gürcüstanda torpaqların qanunsuz satışı da həyata keçirilib. Gürcüstanda məskunlaşmaq istəyən Bur tayfalarına torpaq satmaqda möhtəkirliyə yol verən koordinatorun saxlanılması buna sübutdur. Baş naziri Bidzina İvanişvili də əcnəbilərə torpaq satışına münasibət bildirib: “Qeyri-qanuni alınan torpaqlar məhkəmə yolu ilə geri alına bilər”.

Qeyd edək ki, Gürcüstanda 800 min hektar əkin üçün yararlı torpaq var, lakin ondan 300 hektarı əkilir. Gürcüstanda yaşayan gürcülərin 67%-i aparılan sorğular nəticəsində bildiriblər ki, onlar belə yaşayışdan razı deyillər. 44% respondent hesab edir ki, Gürcüstan düzgün yolla inkişaf edir, 20% isə bu yolun düzgün olmadığını bildirib. 75% respondent cavab verib ki, ölkədə iqtisadi vəziyyət çətindir, 64% bildirib ki, qarşıdan gələn ildə Gürcüstanda situasiya yaxşılaşacaq, 29% gürcü respondenti isə ölkədə gedən demokratik proseslərdən razı olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR