Rövnəq Abdullayev Marneulidə soyuducu anbar kompleksinin açılışında iştirak edib - FOTOSESSİYA

Rövnəq Abdullayev Marneulidə soyuducu anbar kompleksinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 18 aprel 2015 11:03 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda rəsmi səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsinə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rövnəq Abdullayev Gürcüstanın baş nazirinin müavini, davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə birlikdə Marneulidəki Candar kəndində "Aqroinvest 146" MMC-nin 2013-cü ildən başlayaraq tikdiyi soyuducu anbar kompleksinin açılışını edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Marneuli Rayon İcra Hakimiyyəti başçısı Merab Topçişvili və digər rəsmilər iştirak edib.

"Aqroinvest 146" MMC 2011-ci ildən Tiflisdə fəaliyyət göstərir və Azərbaycan tərəfdən Gürcüstanda əhəmiyyətli və məhsuldar layihələr həyata keçirir. Onlardan biri də bu gün açılışı olan soyuducu anbar kompleksidir.

Kompleksdə 50 nəfərədək Marneuli sakini iş ilə təmin olunacaq və bu soyuducu Kvemo-Kartli bölgəsinə xidmət edəcək.

Soyuducu anbar kompleksi 2 hektar ərazini əhatə edir və burada ofis, köməkçi binalar, soyuducu kameralar, enerji ilə təchiz edən transformatorlar, çəki məntəqəsi və təhlükəsizliyi təmin edən bina və digər qurğular tikilib.

Soyuducu anbar kompleksində 12 kamer tikilib və soyuducu sistem 4 250 kvadratmetr sahəni əhatə edir. Kameralardan ikisində -5 dərəcədən -20 dərəcəyədək ət və balıq məhsulları saxlamaq olar, 10 kamera isə -5 dərəcədən +5 dərəcəyədək tərəvəz və meyvə məhsulları saxlamaq üçündür.

Kompleksin soyudu sistemini "Akkord Georgia" təchiz edir. Sistem Türkiyənin "İMGE" şirkəti tərəfindən müasir standartlara uyğun tikilib və tikilidə alman istehsalı olan ehtiyat hissələrindən istifadə olunub. Bu kompleksin enerji sistemi layihəyə görə 2X630 KVT yüksək gərginlikdədir.

Tədbirdə qeyd olunub ki, kompleksin tikintisinə 7 mln. dollar vəsait xərclənib və soyuducu qurğuların dəyəri isə 1,1 mln. dolları təşkil edib.

Gürcüstanın baş nazirinin müavini, sabit və davamlı inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, bu kompleks Kvemo-Kartli bölgəsində kənd təsərrüfatının inkişafına təkan verəcək: "Bu soyuducu anbarın tutumu 2100 ton müxtəlif ərzaq üçün nəzərdə tutulub və burada 1000 ton kənd təsərrüfatı məhsulları saxlamaq olar. Bizim fermerlər soyuducunun imkanlarından istifadə edəcək və daha keyfiyyətli məhsullar yetişdirəcəklər. Mən bu kompleksin tikintisi üçün SOCAR-ın rəhbərliyinə təşəkkür edirəm."

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni istifadəyə verilən soyuducu anbar kompleksi Azərbaycan prezidentinin Gürcüstanda yaşayan soydaşlarımıza hədiyyəsidir. O, gələcəkdə Azərbaycan şirkətləri tərəfindən azərbaycanlılar yaşayan bölgələrdə daha çox layihələr həyata keçiriləcəyini qeyd edib: "İnanıram ki, gələcəkdə bu region daha da inkişaf edəcək və soydaşlarımızın sosial həyat tərzi daha da yaxşılaşacaq", - R. Abdullayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR