Ədliyyə orqanlarında qulluğa namizədlərlə fərdi söhbətlərə avqustun 25-dən başlanacaq

Ədliyyə orqanlarında qulluğa namizədlərlə fərdi söhbətlərə avqustun 25-dən başlanacaq
# 18 avqust 2014 15:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb.

Ədliyyə Nazirliyin Müsabiqə Komissiyasından APA-ya verilən məlumatda qeyd olunur ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü ilin avqust ayının 25-dən etibarən başlanacaq. Bununla bağlı hər bir namizədlə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) söhbət keçiriləcək. Söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Eyni zamanda nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR