Prezident İlham Əliyev: “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir”

Prezident İlham Əliyev: “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir”
# 21 iyun 2016 15:35 (UTC +04:00)

Bakı-APA. “İş yerlərinin açılması prosesi daim getməlidir. Baxmayaraq ki, son illər Azərbaycanda böyük işlər görülüb, əhali artır”.

APA-nın məlumatına görə, bunu Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, əhalinin artması da iqtisadi inkişafın təzahürüdür: “Çünki insanlar daha da yaxşı yaşayır və demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir. Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir. Dövlət və özəl sektor sərmayə qoymalıdır. Bu istiqamətdə son vaxtlar ciddi addımlar atılır, islahatlar dərinləşir. Beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, ictimai binalar tikilir, parklar yaradılır. Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaranda bu son aylar görülən işlər göz qabağındadır. Buna şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR