Ramin Mehmanpərəst: “İranın nüvə fəaliyyəti heç bir narahatlığa səbəb olmamalıdır”

Ramin Mehmanpərəst: “İranın nüvə fəaliyyəti heç bir narahatlığa səbəb olmamalıdır”
# 18 aprel 2013 10:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst G8 ölkələrinin Tehranın nüvə fəaliyyətləri ilə bağlı bəyanatını sərt tənqid edərək bundan təəssüfləndiklərini bildirib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, R.Mehmanpərəst deyib ki, sözügedən bəyanatda İranın nüvə fəaliyyətləri ilə bağlı yer almış ifadələr qəbuledilməzdir: “İranın nüvə fəaliyyətləri tamamilə sülh məqsədlidir. Eyni zamanda İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığını davam etdirir. İranın nüvə fəaliyyətlərinin hər hansı bir narahatlığı səbəb olmaması lazımdır”.

İran XİN sözçüsü Tehranla “altılıq” ölkələri arasında Qazaxıstanda keçirilmiş nüvə müzakirələrinə də toxunub: “Hazırda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın təklifini araşdırır və bunu Qərb ölkələri ilə görüşüb dəyərləndirdikdən sonra bizə cavab verməsi lazımdır”.

R.Mehmanpərəst vurğulayıb ki, İranın raket istehsalı tamamilə ölkə torpaqlarının müdafiəsi strategiyasından irəli gəlir: “İranın öz torpaqlarını və milli mənfəətlərini qorumaq, müdafiə etmək qanuni haqqıdır”.

İran XİN sözçüsü həmçinin nüvə silahı kimi kütləvi qırğın silahlarına sahib ölkələrin terrora dəstək verdiyini deyərək, onların bu siyasətinin beynəlxalq insan haqlarına tamamilə zidd və təhdid olduğunu söyləyib: “Bu gün imperialist ölkələr dünyada sülhü təhdid edən əsas dövlətlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR