Bakıda Avropa Gənclər Forumunun idarə heyətinin iclası keçirilir

 Bakıda Avropa Gənclər Forumunun idarə heyətinin iclası keçirilir
# 29 avqust 2014 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun (AGF) idarə heyətinin iclası keçirilir. APA-nın xəbərinə görə, idarə heyətinin iclasının AGF-nin tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq səviyyədə fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda keçirilməsi qərara alınıb. Tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall, idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edir. 31 avqustadək davam edəcək tədbir Avropa Şurasının 2014-cü ilin noyabr ayında baş tutacaq hesabat seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclasıdır.

İdarə heyətinin iclası zamanı iştirakçılara tədbirə ev sahibliyi edən Azərbaycanda gənclərlə bağlı görülən işlər və Azərbaycan Gənclər Siyasəti haqqında məlumat veriləcək. Avropa Gənclər Forumunun kvartal üzrə fəaliyyət hesabatı dinləniləcək. Hesabat dövrü ərzində foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat veriləcək. Hesabat dövrü üçün maliyyə hesabatı təqdim olunacaq. İdarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri də Avropa qitəsinə daxil olan ölkələrdə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olacaq.

Forumun prezidenti Piter Matyaşiç və baş katibi Allan Pall Azərbaycanda olduğu müddətdə, həmçinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərinə səfəri planlaşdırılır. Səfər çərçivəsində rəsmilər Avropa Gənclər Paytaxtı seçildikdən sonra Gəncə şəhərində baş verən yeniliklər, gənclərlə bağlı görülən işlər və əldə olunan nəticələrlə tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR