“UN Special” jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub

“UN Special” jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub
# 09 aprel 2013 16:29 (UTC +04:00)

Bakı - APA. “UN Special” jurnalının (www.unspecial.org) 2013-cü il aprel tarixli 727 saylı buraxılışında Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəylinin “Nizami Gəncəvi. İnsan dühasının əlçatmaz nümunəsi” adlı məqaləsi dərc olunub.

Daimi Nümayəndəlikdən APA-ya verilən məlumata görə, İsveçrədə BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun ən nüfuzlu dövri nəşri olan və böyük oxuyucu kütləsi olan “UN Special” jurnalındakı məqaləsidə müəllif orta əsr Azərbaycan fəlsəfi poeziyasının ən görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin dünya mədəniyyət tarixindəki layiqli yeri, onun həyat və yaradıcılığından bəhs edib.

Nizami Gəncəvinin yaşadığı, ədəbi fəaliyyətini həyata keçirdiyi yerin məhz Azərbaycanın Gəncə şəhəri olmasının vurğulandığı məqalədə Nizami Gəncəvinin 5 ölməz poemasının dünya ədəbiyyatında tamamilə yeni bir poetik xətt və istiqamət təşkil etdiyi bildirilib. Məqalədə Azərbaycan şairi Nizaminin milli və beynəlxalq ədəbiyyata gətirdiyi ədəbi və fəlsəfi yeniliklər təhlil edilib, Nizami yaradıcılığının əsasında dayanan mərkəzi yanaşmanı insan amili və onun xoşbəxtliyinin təşkil etdiyi qeyd olunub. Belə ki, məhz həmin ideya daha sonra özünü məşhur Avropa İntibahı sənətkarlarının yaradıcılığında büruzə verib.

Daha sonra məqalədə bildirilib ki, böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri yalnız Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin yayılmasına təkan verib, söz və ifadə azadlığına böyük önəm verən Nizami Gəncəvi BMT-nin Nizamnaməsində əks olunmuş “pasifizm” ideyasının əsasını qoyub, insanları, xüsusən də o dövrün hökmdarlarını sülhə və təhlükəsizliyə dəvət edib.

Məqalədə dahi şair və mütəfəkkirin böyük adının doğma vətəni Azərbaycanda əbədiləşdirildiyi, anadan olmasının 800 və 840 illik yubileylərinin geniş qeyd edildiyi, hazırda isə onun 870 illik yubileyinin keçirilməsi ilə bağlı ölkəmizdə və xarici ölkələrdə müxtəlif tədbir və mərasimlərin keçirilməkdə olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Məqalədə Nizami Gəncəvinin portreti və Gəncə şəhərindəki Nizami məqbərəsinin fotoşəkilləri yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR