İTM: Azərbaycanda illik inflyasiya 6,8%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 6,8%-ə çatıb
# 12 iyun 2012 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, müşahidələrin nəticələrinə əsasən, may ayında Azərbaycanda mövsümi amillərin təsiri nəticəsində deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,56% azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib. Ay ərzində ərzaq məhsulları 1,19% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,17%, xidmət tarifləri isə 0,20% artıb.

Aprel ayına nisbətdə mayda Bakıda qiymətlər 0,29%, regionlarda isə 0,82% ucuzlaşıb. Bu zaman ərzaq məhsulları Bakıda 0,78%, regionlarda 1,58% ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,23%, regionlarda isə 0,12% bahalaşıb.

Xidmətlərin dəyəri Bakıda 0,36%, regionlarda isə 0,04% artıb.

Ay ərzində ən çox badımcan (36%), göy lobya (31%), ərik (17,5%) və çiyələk (15,67%) ucuzlaşıb. Bahalaşma isə kök (9,79%), baş soğan (9,78%), uşaq üçün maykalar, futbolkalar (9,23%) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin beş ayında ölkədə 0,40%, o cümlədən Bakıda 1,49% inflyasiya, regionlarda isə 0,67% deflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 0,66%, xidmətlər 1,49% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,99% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,79% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10%, regionlarda isə 3,63% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (10,69%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,55%, xidmətlərdə isə 4,81% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR