Azərbaycan bu il beynəlxalq təşkilatlara 15 mln. manat üzvlük haqqı ödəyəcək

Azərbaycan bu il beynəlxalq təşkilatlara 15 mln. manat üzvlük haqqı ödəyəcək
# 09 fevral 2012 12:43 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Nazirlər Kabineti 2012-ci ildə Azərbaycanın “Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlüklə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü”nü təsdiqləyib.

Bölgüyə əsasən, bu il Azərbaycan beynəlxalq ictimai-siyasi təşkilatlara 9 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarına isə 6 mln. manat üzvlük haqqı ödəyəcək. İctimai-siyasi təşkilatlar arasında ən çox üzvlük haqqı Birləşmiş Millətlər Təşkilatına (1 mln. 496,3 min manat), İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına (1 mln. 351,3 min manat), Avropa Şurası və onun qurumlarına (1 mln. 129,5 min manat) ödəniləcək.

MDB təşkilatları üzrə üzvlük haqqı bu il 628,2 min manat təşkil edəcək. Eləcə də bölgüdə beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqının ödənilməsi üzrə 2 mln. 754,9 min manat ehtiyat vəsait nəzərdə tutulub.

Azərbaycan 2012-ci ildə beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirak üzrə 6 mln. manat ödəniş həyata keçirəcək.

Azərbaycanın səhmdarı olduğu beynəlxalq maliyyə-kredit təşkilatları arasında ən böyük ödəniş İslam Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına (2,5 mln. manat), Qara Dəniz Ticarət və İnkişaf Bankına (1,7 mln. manat), Asiya İnkişaf Bankına (1,15 mln. manat) nəzərdə tutulub. AYİB-ə 400 min manat, İslam İnkişaf Bankına 100 min manat, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının hər birinə 70 min manat, Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasına isə 10 min manat ödəniş nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR