Azərbaycanın Yaponiyadakı səfirliyi iki ölkə parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün tədbir keçirib

Azərbaycanın Yaponiyadakı səfirliyi iki ölkə parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün tədbir  keçirib
# 10 fevral 2012 15:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfirin iqamətgahında Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə qrupun Yaponiya tərəfdən həmsədri Akira Amari, katibi Akihiro Ohata, Yaponiya XİN-in Avropa Departamentinin baş direktor müavini, Yaponiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Toyohisa Kozuki və XİN-in nümayəndələri iştirak ediblər.

Səfir G. İsmayılzadə qonaqlara Azərbaycanın çoxəsrlik mədəniyyətindən, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən danışaraq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edildiyini söyləyib. Səfir 2012-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ilinin tamam olduğunu və bu əlamətdar hadisə münasibətilə həm Azərbaycan, həm də Yaponiyada bir sıra mədəni tədbirlərin, elmi simpozium və konfransların keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Akira Amari isə çıxışında Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR