Bakıda Azərbaycan-Dağıstan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Dağıstan biznes forumu keçirilib
# 26 aprel 2012 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiyanın Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Dağıstan biznes forumu keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkənin qazandığı sosial-iqtisadi nailiyyətləri barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib: «Ölkədə sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb».

N.Səfərov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verib və bildirib ki, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsi əhəmiyyətlidir.

Öz növbəsində R.Qazımaqomedov Dağıstanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Dağıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib.

Tədbir çərçivəsində Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib. Tədbirdə həmçinin, Azərbaycan və Dağıstan iqtisadiyyatına, biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib ki, görüşlərdə hər iki tərəfin avtomobil, ərzaq, tütün, qənnadı məmulatları, içkilər və digər məhsulların topdan satışı ilə məşğul olan 50-dən artıq iş adamı iştirak edib.

Azərbaycana səfər çərçivəsində Dağıstanın nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşüb. Görüşdə mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Dağıstanın nümayəndə heyəti həmçinin Sumqayıt Texnologiyalar Parkında, Binədə yerləşən «Qrintek» istixana kompleksində istehsal prosesi ilə tanış olacaq, eyni zamanda Azərbaycanın turizm imkanları və müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Qəbələ və Xaçmaz rayonlarına səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR