«AccessBank» Azərbaycanın ən yaxşı bankı elan edilib

«AccessBank» Azərbaycanın ən yaxşı bankı elan edilib
# 09 iyul 2012 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» Londonda keçirilən «Euromoney» Nəşriyyat Qrupunun ənənəvi «Ən Yaxşı Nəticələr» mükafatlandırma mərasimində Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu nominasiyada bank artıq üçüncü ildir ki, bu mükafatı qazanır.

Qeyd edək ki, «Euromoney» mükafatı dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. Mükafat qrupun maliyyə analitikləri tərəfindən namizəd-bankların fəaliyyətinin incələnməsi və xarici müxbir-bankların, eləcə də görkəmli maliyyəçi və bankirlərin sorğulanması nəticəsində verilir. Təhlil zamanı həmçinin bankın bazardakı yeri və payı, məhsul və xidmətlərin səviyyəsi, idarəetmə sistemi, əməkdaşlarının peşəkarlığı, bankın innovasiya xarakteri və kapitalı nəzərə alınır.

«AccessBank»ın mükafatlandırma mərasimində «Euromoney» nəşrinin təmsilçisi qeyd edib ki, kiçik və orta biznes kreditləri və mikro-maliyyə sahəsində ixtisaslaşan «AccessBank» məcmu aktivlərə görə Azərbaycanda 8-ci yeri tutur: «Ötən il isə mənfəətlilik göstəricilərinə görə öz əsas rəqiblərini geridə qoyaraq şəxsi kapitalın gəlirlilik səviyyəsini 20,2%-ə çatdırıb, bu isə həmin sektordakı orta göstəricidən 4 dəfə artıqdır. Aktivlərin keyfiyyəti də «AccessBank»ın əsas üstünlüyüdür. 2011-ci ilin sonunda gecikdirilmiş kreditlərin səviyyəsi 1%-dən aşağı olub, kredit və depozitlərin bazar payında əsas gəlirləri isə illik hesablama ilə, müvafiq olaraq 3,2% və 1,7% təşkil edib».

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib.

Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank (hər biri 20%), «AccessHolding» (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR