Azərbaycanda sənaye məhsulunun istehsalı son bir ildə dəyişməz qalıb

Azərbaycanda sənaye məhsulunun istehsalı son bir ildə dəyişməz qalıb
# 16 fevral 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 3,1 mlrd. manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründə olduğu qədər sənaye məhsulu istehsal edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 77,9%-i mədənçıxarma bölməsində, 15,8%-i emal bölməsində, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 2,8% azalıb. Sənayenin emal bölməsində məhsul istehsalı 7,9%, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,5%, toxuculuq sənayesi məhsulları istehsalı 57,2%, poliqrafiya fəaliyyəti 47%, rezin və plastmas məmulatları istehsalı 75,4%, metallurgiya sənayesi məhsulları istehsalı 84,6%, hazır metal məmulatları istehsalı 95,8%, kompüter və digər elektron avadanlıqları istehsalı 15,8 dəfə, maşın və avadanlıqların istehsalı 30,6%, sair nəqliyyat vasitələri istehsalı 21,3%, mebel istehsalı 3,4 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 6,3 dəfə artıb.

Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 25,3%, elektrik enerjisi istehsalı isə 16,3% artaraq 2,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 11,6% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,4% artıb, neft sektorunda isə 2,7% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR