Mehriban Əliyeva: «Azərbaycan UNESCO çərçivəsində reallaşan görüşlərin keçirildiyi arenaya çevrilməyə hazırdır»

Mehriban Əliyeva: «Azərbaycan UNESCO çərçivəsində reallaşan görüşlərin keçirildiyi arenaya çevrilməyə hazırdır»
# 04 oktyabr 2012 19:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Böyük UNESCO ailəsinin üzvlərini Azərbaycanda görməkdən məmnun qaldığını deyən Mehriban xanım Əliyeva UNESCO-nun dünyanın ən mötəbər təşkilatlarından biri olduğunu vurğulayıb.

Mehriban Əliyeva İkinci Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlər kontekstində UNESCO-nun rolunun vacibliyini bildirib.

“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Onlar müxtəlif sahələrə dair məsələlərlə məşğuldur. Amma UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat bütün dünya üçün hər zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri diqqətdə saxlayır”, - deyən Azərbaycanın birinci xanımı vurğulayıb ki, UNESCO öz konkret işləri ilə bütün dünya üçün yaxşılıq edir.

Bu gün Azərbaycan ilə UNESCO arasında möhkəm əlaqələrin yaradıldığını deyən Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək.

Xoşməramlı səfir Mehriban xanım Əliyeva qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan UNESCO çərçivəsində reallaşan görüşlərin keçirildiyi arenaya çevrilməyə hazırdır. Bugünkü dünyada qarşılıqlı əlaqələrin ən aktual məsələlərdən biri olduğunu vurğulayan Azərbaycanın birinci xanımı dedi ki, məhz bu mövzu İkinci Bakı Beynəlxalq Humanitar Forumunda da diqqət mərkəzində olan mühüm məsələlərdən biridir.
Azərbaycanda həm keçmişdə, həm də müasir dövrdə müxtəlif dinlərə, millətlərə hörmətlə yanaşıldığını, ölkəmizdə bütün xalqların sülh şəraitində yaşadığını vurğulayan birinci xanım Mehriban Əliyeva bu baxımdan Azərbaycanın bu sahədə model olmağa hazır olduğunu da qeyd edib. “Ümidvaram ki, bu Forum bu sahədə yeni addım olacaq və qəbul edilən qərarlar kağız üzərində qalmayacaq”, - deyən Mehriban xanım Əliyeva Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcəyini vurğulayıb.
Birinci xanım Mehriban Əliyeva əminliyini bildirib ki, Bakıya gələn qonaqlar ölkəmiz ilə daha yaxından tanış olduqdan sonra gələcəkdə də Azərbaycana səfər edəcəklər.

Dəvətə görə minnətdarlığını bildirən UNESCO Baş Konfransının prezidenti Katalin Boqyay Forumun gözəl nəticələr verəcəyinə əminliyini bildirib. Azərbaycanın dinamik inkişafını yüksək qiymətləndirən qonaq ölkəmizdə adət-ənənələrin qorunub-saxlanıldığını xüsusi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR