Azərbaycanda ünvanlar yeni qaydalar əsasında veriləcək

Azərbaycanda ünvanlar yeni qaydalar əsasında veriləcək
# 14 fevral 2012 12:29 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu günədək ünvan reyestrinin tərtibi və aparılması üzrə qanunvericilik bina ünvanı konsepsiyasına əsaslanıb və bu konsepsiya hər binaya yalnız bir ünvanın verilməsini nəzərdə tuturdu. Hər bina yalnız bir yola aid edilib və yalnız bir yolla bağlı olub. Ünvan verilə bilən obyektlər yaxınlıqda yerləşən ən əhəmiyyətli yola aid edilib. Binaya ünvanın verilməsi bina girişlərinin digər yollara aid olduğu hallarda da tətbiq olunub. Bina konsepsiyası məlumatların təfərrüatlı və dəqiq olmaması səbəbindən beynəlxalq standartlara cavab verməyib.

Komitənin məlumatına əsasən, binalara mövcud qaydalarla ünvanvermə axtarış üçün əlverişli deyil. Çünki bu halda düzgün giriş yerinə çatmaq üçün ünvanın ərazisi barədə xüsusi biliklərə malik olmaq tələb edilir. Ölkə üzrə binalarla bağlı mövcud ünvanın keyfiyyətinin yetərli olmaması da bəzi problemlər yaradıb. Ölkədə mövcud prospekt, küçə və s. adlarının düzgün yazılış formasını müəyyən edən məlumat bazasının olmaması, yaşayış məntəqələrinin rəsmi adlarının (rayon, qəsəbə, kənd və s.) qeyri-dəqiq yazılması və qeyri-rəsmi yazılışlardan istifadə halları, nəqliyyat infrastrukturu obyektlərinin (küçə, prospekt və s.) başlanğıc və sonu haqqında tam məlumatların olmaması ünvanların axtarışında problemlər yaradır.

Azərbaycanda ünvan məsələsinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi zamanı müəyyən olunub ki, ölkə üzrə ünvanvermə prosesi yeni yanaşmaya əsaslanmalıdır. Yeni yanaşmaya əsasən, burada ünvan verilə bilən obyekt kimi binanın özü deyil, binaya daxil olmaq üçün istifadə edilən girişlər və ya qapılar qəbul edilir. Giriş yerlərinin ünvanları daxilolma ünvanları kimi tanınır. Binaların vacib girişlərinə fərdi ünvanlar verilir. Giriş, giriş yerinə daxil olmaq üçün istifadə edilən küçə ilə bağlı olur və ona aid edilir. Giriş ünvanı konsepsiyası Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.

Eyni zamanda, dəyişikliyə əsasən ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir.

Göstərilən işlərin həyata keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması” üzrə açıq tender elan edilib və tenderin qalibi Koreyanın “SK C & C” Co.LTD şirkəti olub. Şirkət tərəfindən artıq müvafiq işlərin icrasına başlanılıb. Layihənin icra müddəti 8 aydır.

Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması nəticəsində ölkədə mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək, reyestrlər arasında məlumat mübadiləsinin həyata keçirilməsinə imkan yaranacaq. Həmçinin müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, fövqəladə hallar və sairə xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Eyni zamanda qarışıq düşmüş ünvan problemlərinin həll edilməsi və yeni təkrarolunmaz ünvanların verilməsinə zəmin yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR