Bakıda “Sabahın alimləri” respublika müsabiqəsinə start verilib - FOTOSESSİYA

Bakıda “Sabahın alimləri” respublika müsabiqəsinə start verilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 fevral 2012 11:53 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verməkdir. Ən mühüm məqam isə bu məktəblilərdən 5 nəfərin seçilərək ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi - “İntel İSEF”-ə göndərilməsidir. “Intel ISEF” və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqə orada iştirak edəcək hər bir məktəblinin həyatında böyük dönüşün əsasını qoyacaq: “Azərbaycan dövləti bu yolda sizə hər zaman dayaqdır. Azərbaycanın gənc nəsli çevik, yaradıcı və təşəbbüskardır. Onlar dünyanın tərəqqisini yazanlar sırasında olmalıdırlar”.

Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artıb. Belə ki, 2006-cı ildə bu müsabiqədə 47, 2009-cu ildə 51 ölkə iştirak etmişdisə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatıb. ISEF-də qazanılmış kiçik elmi nailiyyətlər bir çoxlarını böyük elmə gətirib çıxarır. Belə ki, Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olub.

Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 2012-ci il may ayının 13-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilməsi planlaşdırılır. Ölkəmizin də bu il müsabiqəyə qatılması nəzərdə tutulur. Müsabiqə bütün dünya ölkələri üçün aktual olduğu kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib.

Müsabiqənin Elmi Ekspertiza Şurasına 87 layihə təqdim edilib. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompyuter elmləri üzrə fənləri əhatə edir.

Müsabiqə ilə əlaqədar www.sabahinalimleri.edu.az saytı yaradılıb. Müsabiqə sabah başa çatır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR