İctimai Palatanın seçkilərdə iştirak konsepsiyası hazırlanır

İctimai Palatanın seçkilərdə iştirak konsepsiyası hazırlanır
# 12 iyun 2012 12:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Prezident seçkilərində tanıdığımız şəxslərin arasından namizədlərin irəli sürülməsi daha çox ehtimal olunandır. Amma nəzəri baxımdan yeni adın meydana çıxması da istisna deyil”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. O deyib ki, İP-in seçkilərdə iştirakı və namizədlərlə bağlı məsələləri demokratik yolla həll etmək mümkündür və mümkün olacaq: “Məsələnin liderlərin bir-birinə kompromisi kimi qoyulmasını da yanlış hesab edirəm. Ümumiyyətlə, mən o cür təhlil aparmıram. İctimai Palata ayrı-ayrı fərdlərdən təşkil olunan qurumdur. İctimai Palatanın prezident seçkisində vahid namizədlə iştirakı bizim ümumi qəbul olunan strategiyamız çərçivəsində aparılmalıdır. Bu istiqamətdə müzakirələr də davam edəcək”.

P. Hüseyn hazırda namizədin dəstəklənməsi məsələsinin əsas olmadığını da qeyd edib: “Çünki namizəd hələ müəyyənləşməyib. Seçkilərdə iştirakın konseptual əsasları da təyin olunmalıdır. Lakin biz köklü demokratik dəyişikliklər naminə bütün müxalifətlə əməkdaşlıq tərəfdarıyıq. Əslində İctimai Palata bu əməkdaşlığın optimal çərçivəsi kimi nəzərdə tutulub. O ki qaldı konkret seçkilər məsələsinə, hesab edirəm ki, bu sahədə əməkdaşlıq vacibdir və belə bir əməkdaşlıq böyük ehtimalla baş tutacaq”.

P. Hüseyn bildirib ki, İP KŞ-nın parlament və prezident seçkilərində iştirakla bağlı konsepsiyası üzərində iş gedir: “Hazırda İctimai Palatanın seçkilərdə iştirak konsepsiyası hazırlanır. Bu konsepsiyada İctimai Palatanın bütün taktiki gedişləri, siyasi istiqamətləri əksini tapacaq. Bundan sonra isə qəbul olunan qaydalara uyğun fəaliyyət göstəriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR