Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Nazirlər görüşü keçirilib

Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Nazirlər görüşü keçirilib
# 18 iyul 2012 16:27 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə nəqliyyat nazirlərinin Üçtərəfli Əlaqələndirmə Şurasının iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, Əlaqələndirmə Şurasının iclasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın regional inkişaf və infrastruktur naziri cənab Ramaz Nikolaşvili və Türkiyənin nəqliyyat naziri cənab Binali Yıldırım iştirak edib.

İclasda BTQ-nin Qars-Axalkələk sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkələk-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu ilin sonunadək BTQ dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir. 2013-cü ildə isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR