Azərbaycanın BMT-də daimi nümayəndəsi: “Azərbaycan Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə hörmət edir və Kosovonun birtərəfli qaydada elan olunmuş müstəqilliyini tanımır”

Azərbaycanın BMT-də daimi nümayəndəsi: “Azərbaycan Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə hörmət edir və Kosovonun birtərəfli qaydada elan olunmuş müstəqilliyini tanımır”
# 09 fevral 2012 15:54 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev çıxış edib.

Səfir bildirib ki, Azərbaycan Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə hörmət edir və Kosovonun birtərəfli qaydada elan olunmuş müstəqilliyini tanımır.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə Kosovonun müstəqilliyi ilə bağlı qəbul etdiyi qətnamə Kosovo probleminin həlli və təhlükəsizliyin təminatı üçün öhdəlikli beynəlxalq hüquqi baza idi, bununla belə, qətnamə ətrafında mövcud fikir ayrılıqları və danışıqların nəticəsiz qalması birtərəfli hərəkətlərə haqq qazandıra bilməz.

“Beynəlxalq Ədalət Məhkəməsi 2010-cu ildə dərc etdiyi məsləhət xarakterli rəydə müstəqilliyin birtərəfli elanına münasibət bildirmədi və Kosovonun Serbiyadan ayrılmağa hüququ olub-olmadığını, bu aksiyanın beynəlxalq hüquqa uyğun olub-olmadığını aydınlaşdırmadı. Böhranların birtərəfli qaydada həllinə cəhdlər, xüsusilə də bu cür aksiyaların xaricdən idarə olunması regional sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaradır”, - deyə Mehdiyev bildirib.

Səfirin sözlərinə görə, gərginliyin təhlükəli dərəcədə artması göstərir ki, birtərəfli qərarların tərəfdarlarının ümidləri nə qədər zəifdir.

Azərbaycanlı diplomat sabitliyin bərpası naminə dialoqa çağırıb və bildirib ki, əvvəlki sazişlərə əməl olunması təqdirəlayiqdir. Mehdiyev bildirib ki, Avropanın perspektivi və Serbiyanın namizədliyi ilə bağlı danışıqların bir daha təxirə salınmayacağına ümid edir.

O, diqqəti itkin düşmüş şəxslərin taleyinə, dini və mədəni irs məsələlərinə və orqan alveri probleminə yönəltməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR