Bu gün Azərbaycanın ən məşhur futbolçusu Anatoli Banişevskinin ad günüdür

Bu gün Azərbaycanın ən məşhur futbolçusu Anatoli Banişevskinin ad günüdür
# 23 fevral 2012 11:28 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan futbol tarixinin ən parlaq isimlərindən olan mərhum Anatoli Banişevskinin ad günüdür. Apasport.az saytının məlumatına görə, 15 illik karyerasında bir komandaya - “Neftçi”yə sadiq olan keçmiş hücumçunun 66 yaşı tamam olur.

1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1963-73, 75-78) SSRİ çempionatında 211 oyunda 81 qol vurub. Onun karyerasına ən uğurlu il 20 illik yubileyini qeyd etdiyi zaman olub. Belə ki, Anatoli 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc medalını qazanıb.

O, 6 il sonra yenidən millinin heyətində mükafatçı olub. Bu dəfə həmyerlimiz Avropanın vitse-çempionu adını qazanır. Özü də Banişevskinin komandası finalda millimizin hazırkı baş məşqçisi Berti Foqtsun oynadığı Almaniya yığmasına uduzub.

Ancaq gümüş medal qazandığı bu matçdan sonra hücumçumuz karyerasında böyük zərbə alır. Belə ki, onunla Bakının “İnter” klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Konkov finalda əzmkarlıq göstərmədiklərinə görə yığmadan qovulurlar. Bununla da Banişevskinin 50 oyunda 19 qol vurduğu milli komanda ilə yolları ayrılır və karyerasında eniş başlayır.

SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. Belə ki, o, “Neftçi”də (1981-82) məşqçi, Mingəçevirinin “Avtomobilçi” klubunda (1984-87), Burkina-Fasonun gənclər yığmasında (1987-88) və “Kəpəz”də (1988) baş məşqçi işləyib. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevskinin müstəqillik dövründə başı daha çox səhhətinə qarışır. O, 1997-ci ilin oktyabrın 21-də ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib.

Qeyd edək ki, Banişevski 2003-cü ildə Azərbaycanın son 50 il ərzində ən yaxşı futbolçusu seçilib. O, saytımızın keçirdiyi sorğuya əsasən ötən il 100 illik yubileyini qeyd edən Azərbaycan futbolunun ən yaxşı oyunçusu sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR