Azərbaycan Dövlət Neft Şirkətinin aktivləri son bir ildə 8% artıb

Azərbaycan Dövlət Neft Şirkətinin aktivləri son bir ildə 8% artıb
# 30 iyul 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi aktivləri son bir ildə 8,2% artaraq 2011-ci ilin sonuna 16,959 mlrd. manatdan artıq olub. «APA-Economics»in məlumatına görə, bu barədə «Ernst&Young» şirkətinin ARDNŞ-ın 2011-ci il üzrə maliyyə hesabatına verdiyi rəydə bildirilir.

Hesabata əsasən, 2011-ci ildə şirkətin cari aktivləri 2010-cu ilə nisbətən 2,4% artaraq 4,929 mlrd. manatdan çox təşkil edib. Uzunmüddətli aktivlərin həcminə gəldikdə isə, bu aktivlər 2011-ci ildə əvvəlki ilə nisbətən 10,7% artaraq 12,031 mlrd. manat təşkil edib.

Bununla yanaşı, 2011-ci ildə ARDNŞ-ın kapitalı 9,249 mlrd. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13,3% çoxdur. Hesabat ilində şirkətin nizamnamə kapitalı 67,4% artaraq 1,059 mlrd. manatdan çox təşkil edib. Qrupun səhmdarlarına aid olan kapitalın həcmi ötən il 14,2% artaraq 8,516 mlrd. manata çatıb. Qeyri-nəzarət payının həcmi isə 4% artaraq 732,229 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR