Dmitri Medvedevin oğlu Lomonosov adına Moskva Dövlət Universitetində oxumaqdan imtina edib

Dmitri Medvedevin oğlu Lomonosov adına Moskva Dövlət Universitetində oxumaqdan imtina edib
# 06 avqust 2012 09:42 (UTC +04:00)
Eyni vaxtda Rusiyanın üç ali məktəbinə daxil olan İlya Medvedev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini seçib

Moskva. Fərid Əkbərov-APA. Rusiya baş naziri Dmitri Medvedevin oğlu İlya Medvedev Lomonosov adına Moskva Dövlət Universitetində oxumaqdan imtina edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, eyni vaxtda Rusiyanın üç ali məktəbinə daxil olan İlya Medvedev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini seçib. Dmitri Medvedev jurnalistlərə açıqlamasında oğlu İlyanın MDU və Sankt-Peterburq Dövlət Universistetlərində keçirilən fənn olimpiyadalarında yüksək nəticə əldə etdiyini söyləyib: “Bundan əlavə İlya Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin beynəlxalq hüquq fakültəsinə də imtahan verərək yüksək nəticə əldə edib. Oğlum bu üç ali məktəbdən MQİMO-nu seçib”.

Qeyd edək ki, iyulun 30-da baş nazirin oğlunun Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunanların siyahısında olması ilə bağlı məlumat yayılıb. MDU-nun mətbuat katibi Svetlana Reşetnikova bildirib ki, rektorun imzaladığı əmrlə İlya Medvedyev hüquq fakültəsinə imtahansız qəbul olunub. Buna səbəb baş nazirin oğlunun fənn Olimpiyadasının qalibi olmasıdır. Rusiya qanunvericiliyinə görə, fənn Olimpiyadalarının qalibləri imtahan vermədən istənilən instituta qəbul ola bilərlər.

Dmitri Medvedev özü də ixtisasca hüquqşunasıdır. O, 1987-ci ildə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) hüquq fakültəsini bitirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR