Yunanıstan və İtaliya ITGI-dən imtina etməyəcək

Yunanıstan və İtaliya ITGI-dən imtina etməyəcək
# 21 fevral 2012 07:40 (UTC +04:00)
«APA-Economics»in «RİA Novosti»yə istinadən məlumatına görə, bu barədə hökumətlərin birgə bəyanatında deyilir: «Hesab edirik ki, ITGI namizədlər arasında ən inkişaf etmiş və yetişmiş layihədir».

ITGI layihəsində İtaliyanın «Edison» və Yunanıstanın «DEPA» şirkətləri iştirak edir və iki ölkə arasında kəmərin inşası ilə bağlı müqavilə imzalanıb.

Yunanıstan və İtaliya əvvəlki kimi hesab edir ki, ITGI Avropa bazarının Xəzər hövzəsindən, gələcəkdə isə Yaxın Şərq və Şərqi Aralıq hövzəsindən gələn təbii qazla təmin edilməsi üçün ən uyğun variantdır: «İtaliya və Yunanıstan hökumətləri hesab edir ki, Cənub dəhlizinin çəkilməsi üçün danışıqlar bütün alternativ həllərin tapılmasına qədər davam etməlidir və burada ITGI qaz kəməri ciddi töhfə verə bilər».

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda yayılan xəbərlərə görə, «Şahdəniz» konsorsiumu ITGI marşrutundan imtina edib. Yunanıstan Ətraf Mühit və Energetika Nazirliyindəki mənbə yerli xəbər agentliyinə bildirib ki, Yunanıstan tərəfi konsorsiumun bu qərarı barədə qeyri-rəsmi olaraq məlumatlandırılıb. Bu qərar iki amillə - nəql qiyməti və Yunanıstandakı böhranla əlaqədar olaraq «yunan riski» ilə izah edilir. Agentliyin məlumatına görə, kəmərin onun ərazisindən keçməsi Yunanıstan üçün vacibdir və ölkə bunun üçün ITGI-in səhmdarlarının tərkibinin dəyişdirilməsini müzakirə etməyə və Transadriatik boru kəməri (TAP - Türkiyə-Yunanıstan-Albaniya-İtaliya) ilə əməkdaşlığa hazırdır.

Xatırladaq ki, uzunluğu 800 km olan ITGI layihəsi Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlini nəzərdə tutur. Kəmərin illik buraxılış gücü 8-10 mlrd. kubmetr təşkil edir. TAP-dan başqa, ITGI-nin rəqibləri «Nabucco» və Cənub-Şərqi Avropa qaz kəmərləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR