Gənc azərbaycanlı musiqiçi Serbiyada keçirilən beynəlxalq musiqi müsabiqəsində birincilik qazanıb

Gənc azərbaycanlı musiqiçi Serbiyada keçirilən beynəlxalq musiqi müsabiqəsində birincilik qazanıb
# 29 fevral 2012 12:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Gənc azərbaycanlı musiqiçi Atabala Manafzadə Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq musiqi müsabiqəsində birincilik qazanıb. APA-nın məlumatına görə, gənc pianoçuların IX “Davorin Yenko” beynəlxalq musiqi müsabiqəsinə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Avstriya, Sloveniya, Makedoniya, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina, Bolqarıstan və Slovakiyadan gənc istedadlar qatılıb.

Müsabiqədə Azərbaycanı Xırdalan musiqi məktəbinin müəlliməsi Kamilla Əmirovanın yetirməsi Atabala Manafzadə təmsil edib. Beş yaş kateqoriyası üzrə keçirilən müsabiqədə A. Manafzadə 14 və 17 yaşa qədər olan iki qrupda çıxış edib, onun ifası alqışlarla müşayiət olunub. Xorvatiya, İspaniya, Serbiya və Makedoniyanın tanınmış musiqi mütəxəssislərindən ibarət münsiflər heyəti A. Manafzadəni hər iki yaş qrupu üzrə I mükafata layiq görüb.

Yuxarı yaş qrupları üzrə münsiflər heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR