BAXCP Qəbələ RLS-in icarə müqaviləsinin uzadılmasının əleyhinədir

BAXCP Qəbələ RLS-in icarə müqaviləsinin uzadılmasının əleyhinədir
# 12 mart 2012 13:02 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsində İdarə Heyəti üzvlərinin ən çox diqqət yetirdiyi məsələ Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsi ilə bağlı müqavilənin müddətinin uzadılması məqsədilə aparılan danışıqlar olub, partiyanın bu stansiyanın Rusiyaya icarəyə verilməsinin hər zaman əleyhinə olduğu xatırladılıb: "Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa söykənən ədalətli mövqe nümayiş etdirsəydi, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün hərbi-siyasi müttəfiqi Ermənistana təzyiq göstərsəydi, Xəzərin hüquq statusunun müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqlarda İranın əsassız iddialarını stimullaşdırmasaydı, Trans-Xəzər layihəsinin həyata keçirilməsinə maneə yaratmasaydı, bəlkə də bu halda Azərbaycan xalqı Qəbələ RLS-lə əlaqədar müqavilənin müddətinin uzadılmasına anlayışla yanaşa bilərdi. Rusiyanın sadalanan bütün məsələlərdə Azərbaycanın maraqlarına və beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti bu ölkə ilə imzalanmış müqavilənin müddətinin uzadılmasına heç bir əsas vermir. Rusiya generallarının və bu ölkənin dominant rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibinin mütəmadi olaraq Azərbaycanın ünvanına hədələyici bəyanatlar səsləndirmələri, ölkəmizin öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ata biləcəyi perspektiv addımlarla bağlı təhdid xarakterli önləyici fikirlər səsləndirmələri, işğalçı Ermənistanın mövqelərini açıq-aşkar müdafiə etmələri rəsmi Moskvanın etibarsız və güvənilməsi mümkün olmayan tərəf-müqabil olduğunu təsdiqləyir".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR