BVF-nin sabiq rəhbərinə qarşı sutenyorluqda iştirak ittihamı irəli sürülüb

BVF-nin sabiq rəhbərinə qarşı sutenyorluqda iştirak ittihamı irəli sürülüb
# 27 mart 2012 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kana qarşı mütəşəkkil cinayətkar dəstənin tərkibində sutenyorluqda iştirak ittihamı irəli sürülüb.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, D.Stross-Kan biznes ortaqlarının təşkilatçılığı ilə gənc qadınların qatıldığı orgiyalarda iştirakını inkar etməsə də, həmin qadınların fahişə olduğunu bilmədiyini söyləyib.

Qeyd edək ki, BVF-nin sabiq rəhbəri fevralın 21-də “Carlton” hoteli ətrafında fahişə şəbəkəsinin təşkili ilə bağlı aparılan araşdırma çərçivəsində şahid kimi Lill şəhər jandarmeriyasına çağırılıb. Hüquq-mühafizə orqanları onun biznesmen dostlarının Paris, Vaşinqton və Brüsseldə təşkil olunan əxlaqsız gecələrə fahişə göndərməsi ilə bağlı araşdırma aparır. İttihamlar təsdiqlənərsə, 63 yaşlı D.Stross-Kan 7 il müddətinə azadlıqdan məhrum oluna və 375 min avro cərimə oluna bilər.

Dominik Stross-Kan ötən il mayın 14-də zorlamada şübhəli bilinərək Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. İlkin ittihama görə, qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub. Sonradan o, girov müqabilində ev dustağı edilib. Lakin istintaq zamanı ittihamın qurama olduğu üzə çıxıb. Xadimənin Dominik Stross-Kanla intim əlaqədə olduğu sübuta yetirilsə də, bunun məhz zorlama olduğunu sübut edən dəlillər tapılmayıb.

Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı. O, həbs olunduqdan sonra rəhbərlik etdiyi qurumun nüfuzuna xələl gəlməməsi üçün vəzifəsindən istefa verib və prezidentlik iddiasından əl çəkib. BVF rəhbəri postuna isə tarixdə ilk dəfə olaraq qadın - Fransanın maliyyə naziri Kristin Laqard seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR