“Azəriqaz”ın bir nəfəri qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən sabiq əməkdaşının məhkəməsi başlayıb

“Azəriqaz”ın bir nəfəri qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən sabiq əməkdaşının məhkəməsi başlayıb
# 27 mart 2012 13:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla bir nəfəri qətlə yetirməkdə, bir nəfəri isə ağır yaralamaqda təqsirləndirilən Rahib Rəsulovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışının vaxtı təyin olunub. Prosesin baxış iclası martın 30-da keçiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 21-də saat 13.30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi R. İmanov küçəsi, ev 24-ün qarşısında Maştağa qəsəbə sakini Raci Zəkiyevin idarə etdiyi "Nissan Teana" markalı avtomaşının qarşısı "Mercedes" markalı avtomaşınla kəsilib, həmin maşından düşən naməlum şəxs odlu silahdan atəş açaraq R. Zəkiyevə xəsarət yetirib, sərnişini, Maştağa qəsəbə sakini Hikmət Babayevi isə qətlə yetirib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü, Buzovna qəsəbə sakini Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, R. Rəsulov cinayət hadisəsini törədənə qədər Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində (İB) traktorçu işləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR