Nazir müavini: «Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi yaxın gələcəkdə tam gücü ilə işləyəcək»

Nazir müavini: «Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi yaxın gələcəkdə tam gücü ilə işləyəcək»
# 17 aprel 2012 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında artıq istifadəyə verilmiş, lakin müəyyən boşluqları olan Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaxın gələcəkdə tam gücü ilə işləyəcəyi gözlənilir.

Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq bir neçə müddətdir ki, sözügedən sistem istismara verilib və bütün prosesə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nəzarət edir: «Əlbəttə, bu sistem Azərbaycan üçün yenidir və müəyyən boşluqlar müşahidə olunur. Lakin ümid edirəm ki, yaxın gələcəkdə mövcud problemlər aradan qaldırılacaq və Nəqliyyatın İntellektual İdarəetmə Sistemi tam gücü ilə işləyəcək».

Nazir müavini onu da bildirib ki, hazırda Azərbaycanda yol hərəkəti qaydalarının sərtləşdirilməsi və bu qaydaların qüvvəyə minməsi ilə Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin sıx əlaqəsi mövcuddur.

Qeyd edək ki, Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Layihəsini Koreyanın «SK-CC» şirkəti həyata keçirib. Hazırda MDB ölkələrindən ancaq Azərbaycanda belə bir sistem mövcuddur. Bu layihə ilə bağlı işlər Koreya şirkəti tərəfindən ilk dəfə olaraq əvvəldən axıra kimi həyata keçirilib.

Xatırladaq ki, Bakıda nəqliyyatın hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin beşmərtəbəli inzibati binasındakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv. metr olan monitor vasitəsilə idarə edilir. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR