Azərbaycanda I rübdə birjadankənar səhm bazarı rəsmi birja dövriyyəsini təxminən 60 dəfə üstələyib

Azərbaycanda I rübdə birjadankənar səhm bazarı rəsmi birja dövriyyəsini təxminən 60 dəfə üstələyib
# 01 may 2012 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın fond bazarında səhmlərin təkrar bazarında birjadankənar əqdlərin həcmi birjada bağlanan əqdlərin həcmini (Bakı Fond Birjası) 56,8 dəfə üstələyib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin yanvar-mart aylarının yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, cari ilin yanvar-mart aylarında korporativ qiymətli kağızlar bazarının ümumi həcminin azalmasına baxmayaraq, əməliyyatların sayında artım müşahidə edilib. Belə ki, hesabat dövründə korporativ qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb, lakin korporativ borc alətlərinin dinamikasında müşahidə olunmuş geriləmə fonunda bazarın həcmi 50% azalaraq 88,4 mln. manat təşkil edib. Korporativ qiymətli kağızlarla əməliyyatların 48%-ni səhmlər, 52%-ni isə korporativ istiqrazlar təşkil edib.

«Hesabat dövründə bir sıra struktur amillərin səhmlərin ilkin bazarında nisbi geriləməyə səbəb olmasına baxmayaraq, səhmlərin təkrar bazarında müşahidə olunan canlanma bütövlükdə səhm bazarının müsbət dinamikasını təmin edib. Belə ki, cari ilin əvvəlində mənfəətini nizamnamə kapitalının artırılmasına yönəldən bank və sığorta şirkətləri üçün vergi güzəştlərinin müddətinin bitməsi səhmlərin ilkin bazarında yerləşdirmələrin sayının 66,6%, həcminin isə 32% azalması ilə nəticələnib. Lakin səhmlərin təkrar bazarında əməliyyatların sayının 17,8%, əməliyyatların həcminin isə 2,3 dəfə artması bütövlükdə səhm bazarında əməliyyatların sayının 12,7%, həcminin isə 18% artaraq 42 mln. manata çatmasını şərtləndirib».

Eyni zamanda, hesabat dövründə səhmlərin təkrar bazarında Bakı Fond Birjası vasitəsilə bağlanan əqdlərin həcmi 440 833 manat, birjadankənar əqdlərin həcmi isə 25 047 705 manat təşkil edib. Göründüyü kimi, səhmlərin təkrar bazarında birjadankənar əqdlərin həcmi birja əqdlərinin həcmini 56,8 dəfə üstələyib.

«Korporativ borc bazarında yüksək likvidliyi ilə seçilən və ənənəvi olaraq bazarın böyük hissəsini təşkil edən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları ilə əməliyyatların həcminin cari ilin I rübü ərzində azalması bütövlükdə borc bazarının dinamikasına mənfi təsir edib. Belə ki, hesabat dövründə korporativ istiqrazların həm ilkin, həm də təkrar bazarında geriləmə müşahidə olunub, bazarda əməliyyatların sayı 48%, əməliyyatların həcmi isə 67% azalaraq 46,4 mln. manat təşkil edib. Korporativ borc bazarının azalmasına əsasən bazarın böyük hissəsini təşkil edən AİF-in istiqrazları ilə əməliyyatların həcmində müşahidə olunan əhəmiyyətli geriləmə təsir göstərib. Belə ki, cari ilin I rübü ərzində ipoteka istiqrazlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90% azalaraq 11 mln. manat təşkil edib», - deyə hesabatda qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR