Samir Şərifov: “ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini indi tam dəstəkləyir”

Samir Şərifov: “ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini indi tam dəstəkləyir”
# 05 iyun 2012 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-Azərbaycan hökumətlərarası komissiyanın birgə iclasında əldə olmuş nailiyyətlər tərəflər arasında əməkdaşlığı canlandırıb. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri, ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, son iclas müəyyən fasilədən sonra baş tutub və işgüzar şəraitdə keçib. İclasda əldə olunmuş nailiyyətlər iki ölkə arasında əlaqələri xeyli canlandırıb: “Əvvəlki illərdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə ABŞ tərəfindən dəstək verilmirdi, o cümlədən maliyyə dəstəyinə müəyyən məhdudiyyətlər var idi - həm ABŞ-ın “ExImBank”ı tərəfindən, həm də bir sıra mötəbər maliyyə qurumları tərəfindən. ABŞ onların əsas səhmdarından biridir və səs hüququndan istifadə edərək orada da bu proseslərə təsir göstərirdi. Lakin indi ABŞ tam olaraq bu layihəni dəstəkləyir”.

Nazir onu da bildirib ki, ABŞ-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası 2013-cü ildə Bakıda keçiriləcək. Lakin hələlik konkret tarix müəyyənləşdirilməyib.

İki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikasına gəldikdə, S.Şərifov bildirib ki, Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi yüksək templə olmasa da, artmaqda davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR