Litvada səfərdə olan təhsil naziri Misir Mərdanov bu ölkənin təhsil naziri ilə görüşüb

Litvada səfərdə olan təhsil naziri Misir Mərdanov bu ölkənin təhsil naziri ilə görüşüb
# 20 iyun 2012 14:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri Gintaras Stepanoviçiyus ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, M. Mərdanov hər iki ölkənin təhsil əlaqələrinin inkişafında bu görüşlərin mühüm əhəmiyyəti olacağını qeyd edib. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdıran nazir hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib və bu rəqəmin daha da artırılması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib.

G. Stepanoviçiyus Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirib və Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələlərin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

M. Mərdanov Vilnüs şəhərində yerləşən “Litvalılar evi” gimnaziyasında da olub. Qeyd edilib ki, Litvanın ən nüfuzlu orta məktəblərindən biri olan bu təhsil müəssisəsində 241 şagirdin təlim-tərbiyəsi ilə 47 pedaqoq məşğul olur. Pedaqoji kollektivlə görüş zamanı “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində bu təhsil müəssisəsinin Azərbaycanın ümumi təhsil məktəblərindən biri ilə əlaqələrinin yaradılması qərara alınıb.

Keçirilmiş görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR