Dilçiliyin inkişafına dair dövlət proqramı rəy almaq üçün dövlət qurumlarına göndəriləcək

Dilçiliyin inkişafına dair dövlət proqramı rəy almaq üçün dövlət qurumlarına göndəriləcək
# 31 iyul 2012 14:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçi qrupunun növbəti iclası keçirilib. AMEA Humanitar və ictimai elmlər bölməsindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən bölmənin akademik-katibi Kamal Abdullayev işçi qrupun bu günədək gördüyü işlərdən danışıb və onun fəaliyyətini qənaətbəxş sayıb. O bildirib ki, qrupun müxtəlif dövlət qurumlarının və cəmiyyətin müxtəlif sosial zümrələrinin nümayəndələri ilə keçirilən görüşlərinə yekun vurulub. K. Abdullayev qeyd edib ki, bu görüşlərin dövlət proqramının hazırlanmasında böyük faydası var.

İclasda dövlət proqramının hazırlanması üçün irəli sürülmüş təkliflər ətrafında müzakirələr aparılıb və onlar bloklar üzrə ümumiləşdirilərək redaktə edilmək üçün işçi qrupun üzvlərinə təqdim edilib. Qərara alınıb ki, dövlət proqramı layihəsi növbəti iclasda keçiriləcək ümumi müzakirədən sonra rəy üçün dövlət qurumlarına göndərilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR