Bakı Metropoliteni “20 Yanvar”-“Dərnəgül” istiqamətində qatarların hərəkətinin dayandırılması ilə bağlı yeni məlumat yayıb

Bakı Metropoliteni “20 Yanvar”-“Dərnəgül” istiqamətində qatarların hərəkətinin dayandırılması ilə bağlı yeni məlumat yayıb
# 08 avqust 2012 11:11 (UTC +04:00)
Bakı-APA. Bakı Metropoliteni “20 Yanvar-Dərnəgül” istiqamətində qatarların hərəkətinin müvəqqəti dayandırılması haqqında əlavə məlumat yayıb. APA-nın məlumatına görə, məlumatda bildirilir ki, Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi avqust ayının 9-da saat 22:00-dan etibarən avqustun 13-ü saat 06:00-a qədər müvəqqəti bağlanacaq. Bu müddətdə qeyd olunan sahədə qatarların hərəkəti dayandırılacaq. «20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyaları həmin müddətdə sərnişinlərə xidmət göstərməyəcək. Sərnişinlər metronun «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətində və geriyə olmaqla, metropolitenin xidmətindən istifadə edə biləcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunub.

Bakı Metropolitenindən bildiriblər ki, «20 Yanvar-Dərnəgül» sahəsinin bağlanması tikinti işlərinin aparılması ilə əlaqədardır: “Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» və «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Bənövşəyi xəttin «Memar Əcəmi-2» stansiyası 2013-cü ildə istismara verilməlidir. Hazırda həmin xəttin «Memar Əcəmi-2» və Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyaları arasındakı tunellər inşa olunmalıdır. Bu tunel istismarda olan Yaşıl xəttin «Memar Əcəmi» stansiyasının altından keçəcək. Layihəçi və tikintini aparan təşkilatlar inşaat işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların hərəkətinin dayandırılmasını təklif ediblər. Bu cür üsullar tunel tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz sərnişinlərin təhlükəsizliyidir.

Onu da əlavə edək ki, hazırda Bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının inşası davam etdirilir. Bu iki stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin tikintisi müasir tunelqazma qurğularının vasitəsilə tamamlanıb. Hazırda tunelqazma qurğularının «B-3» stansiyası (Ceyhun Səlimov küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı qeyd olunan hissə qazılaraq keçilməlidir”.

Bakı Metropolitenindən bildiriblər ki, inşa olunan «Memar Əcəmi-2» stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin «Memar Əcəmi» stansiyasına keçid funksiyasını yerinə yetirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR