Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə toxum tədarük qurumlarının yaradılmasını təklif edir

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə toxum tədarük qurumlarının yaradılmasını təklif edir
# 29 may 2012 10:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkədə toxumçuluğun inkişafı, o cümlədən toxumun satışının təmin edilməsi ilə bağlı tədarük qurumlarının yaradılması ilə əlaqədar hökumətə təkliflər təqdim edib.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bəzi bölgələrdə toxumun satışında problemlər yaranıb: “Bəzi fermerlər toxumun satışında problemlər olduğunu bildirir. Güman edirəm ki, bu kimi problemlərin aradan qaldırılması üçün tədarük qurumları yaradılmalı və bu qurumlar özəl formada fəaliyyət göstərməlidir. Bu qurumların yaradılmasına insanların marağı yoxdursa, düşünürəm ki, gələcəkdə bu məsələyə hökumət qarışmalıdır. Fermer düşünməlidir ki, tədarük qurumları yaradılarsa, istehsal etdiyi məhsulun satışında problem olmayacaq”.

Nazir qeyd edib ki, bu məsələ təkcə Kənd Təsərrüfatı Nazirliyindən asılı olmadığından, burada müəyyən fikir ayrılıqları mövcuddur: “Biz öz təkliflərimizi hökumətə təqdim etmişik. Düşünürəm ki, hökumət özü bu barədə qərar verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR