Siyavuş Novruzov: «Yalıncıq, Səhl ibn Sumbat xarakterli insanların hamısı «Eurovision» ərəfəsində üzə çıxdı»

Siyavuş Novruzov: «Yalıncıq, Səhl ibn Sumbat xarakterli insanların hamısı «Eurovision» ərəfəsində üzə çıxdı»
# 31 may 2012 13:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. «Biz «Eurovision» mahnı müsabiqəsini yüksək səviyyədə keçirdik. Amma burada bir vacib məsələ ortaya çıxdı. Keçmişdə satqınlar olurdu ki, müdafiə qalasının zəif yerini düşmənə göstərirdilər, yaxud gecə qapını açıb düşməni içəri buraxırdılar. Məsələn, Dədə Qorqud dastanında olan yalıncıqlar, Babəki düşmənə satan səhl ibn sumbatlar kimi xarakteri olan insanların hamısı bu ərəfədə üzə çıxdı. Bu prosesin gözəl nəticələrindən biri də odur ki, xalqımız bu tipli adamların kim olduğunu gördü. Bu adamlar Azərbaycan siyasətində özlərini tamamilə biabır etdilər. Əgər onların arasında əsil ziyalı var idisə, müxalifətə müraciət etməli idi ki, «Eurovision» ərəfəsində bu prosesləri dayandırmalıyıq. Azərbaycan xalqı da onların ziyalı olduğunu qəbul edib alqışlayardı. Amma əksinə, bu ərəfədə ilana ağu verən kərtənkələlər üzə çıxaraq bütün imkanlarını ortaya qoydular ki, ölkəmizin nüfuzuna zərbə vursunlar». APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov YAP-ın saytına müsahibəsində deyib.

O bildirib ki, dünyanın 50-dək ölkəsində birbaşa yayımla insanlar televiziyalarda, meydanlarda bu müsabiqəni, eləcə də Azərbaycanın təbliğatını izləyiblər: «Bu təbliğatı istəməyənlər hansı qüvvələrdir? Təbii ki, Ermənistan, İran, müəyyən xarici qüvvələr və Azərbaycanda onların quyruğu olan «beşinci kalon», yəni yalıncıqlar, səhl ibn sumbatlar...»

Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməni də tənqid edən S. Novruzovun sözlərinə görə, sənəddə Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulduğu və söz azadlığının olmadığının yazılması da qərəzdən irəli gəlir: «Azərbaycanda kütləvi aksiyalar keçirmək üçün müəyyən yerlər ayrılıb. Bəs nə üçün həmin yerlərdə aksiyalar keçirilmir? Məgər Almaniyada, Böyük Britaniyada, Fransada və başqa ölkələrdə kim harda istəsə nümayiş, mitinq keçirə bilər? Qəti şəkildə yox.
Amma biz heç nədən narahat deyilik. Biz görürük ki, Avropanın özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. Almaniyada, İngiltərədə və digər ölkələrdə belə aksiyaları atlarla, itlərlə, su şırnaqları ilə, gözyaşardıcı qazla dağıdırlar. Azərbaycanda isə qanunsuz mitinq iştirakçıları zorla özlərini polislərə sürtürdülər ki, fiziki güc tətbiq edilsin. Polis də insandır axı, onun da psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki, təmkinli olaraq heç kimə xətər toxundurmadan qanunsuz aksiyaların qarşısını alır. Söz azadlığına gəlincə, ölkəmizdə belə bir problem yoxdur. Bütün KİV, o cümlədən müxalifət qəzetləri istədiyini yazır. Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat «Azadlıq» qəzetinin bir aylıq nəşrlərinin monitorinqini aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır, amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?»

S. Novruzov İranı da tənqid edib: «İranın nefti də, qazı da Azərbaycandan çox olduğu halda, nə üçün yaşayış səviyyəsi xeyli dərəcədə aşağıdır? Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur. Bu baxımdan, Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. İran vətəndaşları sərhədi bu tərəfə keçəndə yerlə göy qədər fərq görür və elə təsəvvür edir ki, cəhənnəmdən cənnətə düşüb. Bu insanlar da öz dövlətindən yaxşı yaşayış tələb edir, təbii ki, bu da rejimi qıcıqlandırır. Digər məsələ ondan ibarətdir ki, İranın güclü dövlətlərə gücü çatmır. Məsələn, ABŞ-a, İsrailə, Avropanın inkişaf etmiş dövlətlərinə güc gələ bilmir. Ona görə də, müəyyən fikirlərini Azərbaycana qarşı hərəkətləri vasitəsilə onlara çatdırmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İrana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Ölkə prezidenti bəyan edib ki, Azərbaycan ərazisindən İrana hərbi müdaxilə edilməsinə imkan verilməyəcək. Amma bunun müqabilində İranın hərəkətləri çox ədalətsizdir, nə Allaha, nə dinə, nə imana uyğun olan hərəkətlərdir. İran belə hərəkətləri ilə başına bomba tökülməsini sürətləndirir. Bu problemlərin qarşısını almaq, Azərbaycan kimi qonşu ilə yaxşı münasibətlər yaratmaq, hadisələrdən nəticə çıxarmaq əvəzinə özü üçün çətinlikləri daha da dərinləşdirir. Oradakı ağıllı adamlar bu yanaşma tərzinin dəyişməsinə çalışmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR